Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Eynşteynin xoşbəxtlik resepti 1,56 milyon dollara satılıb

25 Oktyabr 2017
Albert Eynşteynin xoşbəxt həyat reseptinin yazıldığı qeyd Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara satılıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu qeydi Eynşteyn 1922-ci ildə Tokio otelinin kuryerinə bəxşiş qismində verib. Nobel mükafatı ilə təltif olunduğundan yenicə xəbər tutan alim kuryerə deyib ki, ola bilsin, bu qeyd bəxşişdən çox-çox qiymətli olacaq.

Nisbilik nəzəriyyəsinin müəllifi Nobel mükafatına layiq görülən zaman Yaponiyada mühazirələr oxuyurdu. O vaxt kuryer Eynşteynin qaldığı otağın qapısını döyərək bağlama gətirib və alimin bəxşiş verməyə pulu olmayıb. Bunun əvəzində o, kuryerə “Imperial Hotel Tokyo”nun loqotipi olan bloknotun vərəqini verib. Vərəqdə görkəmli fizikin əli ilə alman dilində belə yazılmışdı: “Sakit və qənaətcil həyat uğurlar arxasınca daim narahatlıqla müşayiət olunan qaçışdan daha çox xoşbəxtlik gətirir”.

Eynşteynin həmin vaxt yazdığı ikinci qeyddə deyilir: “Harada iradə varsa, orada vasitə də var”. “Vinners” hərrac evinin məlumatına görə, bu qeyd 240 min dollara satılıb.

İki lotun yekun qiyməti gözlənildiyindən xeyli yüksək olub. Bu qeydlərin birini adının gizli qalmasını istəyən bir avropalı alıb. Qeydləri isə satışa onları Albert Eynşteyndən alan kuryerin qohumu çıxarıb.