Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət yenə də sahibkarlara sahib çıxır

24 Oktyabr 2017
 

Özəl sektor daha 4 il lüzumsuz yoxlamalardan azad olunur

 

Azərbaycanda sahibkarlığın tarixi qədimdir. Hələ qədim vaxtlarda Azərbaycan sahibkarları bir çox məhsullar istehsal edərək xarici ölkələrə ixrac edirdilər. Həmin məhsulların çox hissəsi xalçaçılıq, misgərlik, zərgərlik, ipəkçilik məmulatları və müxtəlif ərzaq məhsulları idi. Amma zaman dəyişdikcə Azərbaycanın ixrac çeşidi də artırdı. Qədim diyarımızda sahibkarlığın vüsət aldığı dövr isə ötən əsrin əvvəllərinə təsadüf edir. O illər Azərbaycanda neft hasil edilməyə başladı. Neft sənayesinin inkişafı isə digər sahələrin inkişafına təkan verdi. Beləliklə, Azərbaycanda sahibkarlığın müxtəlif formaları meydana gəldi və dünya səviyyəsində tanınan sahibkarlar yetişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulmaqla sahibkarlıq bir sinif olaraq ləğv edilərək bütün əmlak və istehsal dövlətin nəzarətinə keçdi. 70 il ərzində sovet hökuməti iqtisadiyyatı inzibati amirlik üsulu ilə idarə etdi. Belə sistemdə isə özəl sektorun və sahibkarlığın yeri yox idi. Bu üzdən də Azərbaycanda tarixi ənənələri olan sahibkarlığa son qoyuldu.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan tamam fərqli iqtisadi inkişaf yolunu - bazar iqtisadiyyatını seçdi. Siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bununla bağlı radikal islahatların aparılmasına qərar verdi. Tezliklə bu istiqamətdə bir sıra yeni qanun və qərarlar qəbul edildi, ölkədə sahibkarlığın və özəl sektorun inkişafına geniş imkan yaradıldı. Amma bir çox məmurlar və qurumlar yeni idarəetmə qaydalarına uyğunlaşa bilmir və onlar tez-tez sahibkarların işinə yersiz müdaxilələr edirdi. Belə bir vəziyyətə ulu öndər göz yuma bilməzdi. Odur ki, sahibkarların müdafiəsinə qalxaraq 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərman imzaladı. Bu sənədin qəbul edilməsində başlıca məqsəd dövlət nəzarəti mexanizmini təkmilləşdirmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərən halların qarşısını almaqla sahibkarların hüquqlarını qorumaq idi. Fərmanın icrası dövlət nəzarətinin təkmilləşdirilməsinə və sahibkarlığın inkişafına böyük stimul verdi. Beləliklə, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmayan neqativ halların qarşısı xeyli alındı və sahibkarların hüquqlarının qanunla qorunmasına imkan yarandı.

Ulu öndərin ölkənin tərəqqisi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi, sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi və s. bu diqqətin nəticəsidir. Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sahibkarlığın dinamik inkişafı və ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açmışdır.

Dövlət başçısı sahibkarlar üçün daha münbit şərait yaratmaq məqsədilə müntəzəm olaraq qərarlar qəbul edir. Bunlardan biri də müxtəlif sahələr üzrə sahibkarların fəaliyyət göstərmələri üçün lisenziyaların verilməsində edilən dəyişikliklərdir. Çünki iş adamları bəzi sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alarkən bürokratik əngəllərlə rastlaşırdılar. Odur ki, Prezident 19 oktyabr 2015-ci il tarixdə “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında” fərman imzaladı. Fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin olunmasına xidmət edirdi.

Prezident həmçinin qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklərin edilməsi barədə təklif irəli sürdü. Qanun layihəsi Milli Məclisdə müzakirə olunduqdan sonra qəbul edildi. Beləliklə, cari il noyabrın 1-dək sahibkarlıq subyektlərində lüzumsuz yoxlamaların aparılması dayandırıldı. Lakin dövlət başçısının təşəbbüsü ilə əsassız yoxlamaların aparılmasının 2021-ci ilədək uzadılması gözlənilir. Bu isə o deməkdir ki, sahibkarlıq subyektləri növbəti 4 il ərzində də əsassız yoxlamalardan azad ediləcək. Belə bir qərarın verilməsi sahibkarlığın inkişafına yeni stimul verəcək, onun iqtisadi proseslərdəki dinamikasını artıracaq. Çünki bu illər ərzində də yalnız vergi, eləcə də insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına ziyan verə biləcək hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən yoxlamalar həyata keçirilə bilər, özü də ciddi nəzarət altında, müəyyən məhdudiyyətlər çərçivəsində.

Onu da qeyd edək ki, ölkədə özəl sektorun inkişafı üçün görülən işlər təkcə bundan ibarət deyil. Götürək sahibkarlıq subyektlərinə verilən güzəştli kreditləri. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin, demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Mənə məruzə edilir. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin”.

Məlumat üçün bildirək ki, bu günədək sahibkarlara təxminən 2 milyard manat güzəştli kredit verilib. Həmin kreditlərdən istifadə edən sahibkarlar öz işlərini genişləndirməklə həm də paytaxt və regionlarda minlərlə iş yeri yaradıb. Onların fəaliyyəti sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artır. Bununla yanaşı, sahibkarlığın daha da inkişaf etməsi üçün investisiya təşviqi mexanizmi həyata keçirilir. İndiyədək sahibkarlara 200-dən çox investisiya təşviqi sənədi verilib. Bu layihə çərçivəsində özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya yatırımının təmin olunması gözlənilir. Bu da yeni müəssisələrin, istehsal və xidmət sahələrinin yaranması, eyni zamanda əlavə iş yerinin açılması deməkdir. Vurğulamaq lazımdır ki, həmin investisiyalar qeyri-neft sektorunda istifadə ediləcək. Bu isə ölkənin daxili tələbatı ödənildikdən sonra xaricə yeni məhsulların çıxarılmasına imkan yaradacaq. Bütün bunlar isə həm də ölkəmizin neftdən asılılığını xeyli azaldacaq.

 

Rüstəm KAMAL,

“Azərbaycan”