Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həmişə müasir Cavid

24 Oktyabr 2017
 

“Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.

Heydər ƏLİYEV

 

“Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya” nə qədər qoca olsa da, neçə əsrləri, qərinələri, illəri yola salsa da, onun qoynunda yaranan ölməz mədəniyyət abidələrinin, sənət əsərlərinin yaşı bir o qədər azdır. Dünyaya meydan oxuyan cahangirlər, hökmdarlar, şahlar, krallar gəlib gedib, onlar ölkələr alıb, qanlar töküb, amma çoxunun tarixdə izi-tozu da qalmayıb. Lakin yaradılan sənət əsərləri əsrlər keçdikcə xalqın mənəvi sərvəti kimi yaşayıb. Xalq təkcə təbii sərvətləri ilə tanınmır, həm də nəsillərdən nəsillərə yadigar qoyduğu mədəniyyət abidələri, folklor nümunələri, incəsənət əsərləri və əlbəttə, bədii söz inciləri ilə şöhrət qazanır. Bu əsərləri yaradan insanlar isə xalqın mənəvi yaddaşında silinməz izlər buraxan böyük sənətkarlardır: Nizami, Xaqani, Əbubəkr Əcəmi, Kəmaləddin Behzad, Nəsimi, Xətai, Axundov, Vaqif, Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Qara Qarayev, Səməd Vurğun, Səttar Bəhlulzadə… onlar Azərbaycan mədəniyyətini bütün dünyada tanıtmışlar.
Bu sırada, əlbəttə, Hüseyn Cavidin xüsusi yeri var.
Hüseyn Cavid böyük şair və dramaturqdur, Azərbaycan ədəbiyyatının XX əsrdə yetirdiyi nadir söz ustalarından biridir, romantizm ədəbi məktəbinin və cərəyanının poeziyamızda və dramaturgiyamızda banilərindən biridir, milli teatrımızın inkişafında böyük rol oynayan incəsənət xadimidir - “Cavid teatrı”nın yaradıcısıdır və nəhayət, əsərləri ilə neçə nəslin mənəvi tərbiyəsini formalaşdıran ən qüdrətli sənətkar-pedaqoqdur.
Cavid filosof şairdir. Onun xüsusi bir fəlsəfi əsəri olmasa da, bədii əsərlərində irəli sürdüyü fikirlər fəlsəfi məzmunu və mündəricəsi ilə seçilir. Həyat-ölüm, varlıq-yoxluq, xeyir-şər, humanizm, gözəllik kimi əbədi problemlər Cavid sənətində öz bədii-estetik həllini tapmış və Cavid fəlsəfəsi bu qədim elmi öz bədii mündəricəsi ilə bir daha zənginləşdirmişdir.
Lakin bu böyük sənətkarın taleyi, ömür yolu məhrumiyyətlərdən keçmiş, əzablara, maddi, fiziki və mənəvi ağrılara tuş gəlmişdir. Tale onu XX əsrin ən qovğalı, mürəkkəb və ziddiyyətli bir dövrü ilə mübarizəyə məhkum etmişdi. Keçən əsrin iyirminci-otuzuncu illərində Cavid həm mütəfəkkir bir sənətkar kimi tanınmış, həm də iftiralar, böhtanlar selinə qərq olmuşdu. Əlbəttə, dövrü, zəmanəni də qınamaq olmaz, həmin dövrün, zəmanənin ipi, ilgəyi “yeni bir dünya” yaradan bolşevik-fanatiklərin, insanları sinfi-siyasi mövqelərinə görə qiymətləndirən kommunist-ideoloqların əlindəydi. Cavid yaradıcılığa inqilabdan əvvəl başlamışdı və həmin ideoloqların nəzərincə, o, keçmişin, burjua-mülkədar quruluşunun adamıydı. Ona görə də Cavidə münasibət, həm də keçmişə münasibət demək idi. Halbuki Cavid keçmişdə - çar dövründə və sonra müsavat hakimiyyəti illərində hakim sinfin mənəvi boyunduruğuna düşməmişdi. O, azad sənətkar idi, öz əsərlərində azadlığı, istiqlalı, xoşbəxt gələcəyi tərənnüm edirdi, bütün türk xalqlarının mənəvi birliyi onun həyat və sənət idealı idi. Azərbaycanda Şura inqilabı qalib gələndə isə Cavid bir çoxları kimi, öz vətənindən üz döndərmədi, xalqının mənəvi-mədəni tərəqqisi yolunda çalışdı. Təsəvvür edin, iyirminci-otuzuncu illərdə ən çox dəbdə olan, əsərləri ən çox səhnədə oynanılan ədib Cavid olmuşdur. Amma eyni zamanda ən çox da mübahisə və müzakirə hədəfinə çevrilən, ən çox böhtana məruz qalan da Cavid idi.
Otuz yeddinci ilin sərt repressiya tufanından Cavid də xilas ola bilmədi.
Cavidin adını ədəbiyyat dərsliklərindən sildilər, əsərlərini teatrların repertuarından çıxardılar, ailəsini də yaşadığı mənzildən bayıra atdılar. Amma Cavidi ürəklərdən silə bilmədilər. Dövr, zaman Cavidin əleyhinə işləyirdi, amma Cavidin ürəklərə, beyinlərə şölələndirdiyi fikirlər, hisslər, duyğular yaddaşlarda gizlin bir xəzinə kimi yaşayırdı.
Zaman gəldi. Qırx beş illik möhnətdən sonra Cavid yenidən vətənə döndü. Cavidin qayıdışı onun mənəvi ideallarının, gözəllik və sevgi fəlsəfəsinin, əbədi səadət axtarışlarının, insanları xoşbəxt və məsud görmək arzularının əbədi təsdiqinə çevrildi. Azərbaycan xalqının böyük oğlu, XX əsrin ən müdrik siyasət adamı, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşi uzaq Sibirdən onun doğulduğu Naxçıvan torpağına gətirildi, orada dəfn olundu. İndi Cavid üçün heç bir yasaq, qadağa yoxdur, əsərləri dönə-dönə nəşr edilir, ədəbiyyat tarixi dərsliklərində öz layiqli yerini tutur, tamaşaları yenə də səhnələrin bəzəyinə çevrilir. Çünki ulu öndər Heydər Əliyevin dediyincə: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. H.Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.
H.Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırışdır”.
“Üç böyük tarixi mərhələnin (rus, türk, İran inqilabları, Oktyabr və Aprel çevrilişləri, sovetsayağı sosializm dövrləri) narahat sənətkarı olan Cavid öz əbədi tanrı, harmoniya və həqiqət axtarışları ilə birlikdə bizim epoxamıza da daxil olur və azad, müstəqil, suveren milli şüuru bu gün yenidən düşündürməkdə davam edir”. Bu sitat görkəmli tənqidçi Yaşar Qarayevin “Romantizmin Cavid yaddaşı” məqaləsindən götürülüb və fikrimizcə, Cavidin dərki mərhələsini ümumi şəkildə səciyyələndirir. Cavidə yenidən qayıtmaq heç də onun əsərlərinin yeni nəşrlərinin tam və dolğun şəkildə oxuculara çatdırılması, yaxud əsərlərinin teatrlarda yeni quruluşda tamaşaya qoyulması kimi anlaşılmamalıdır. Cavidə yenidən qayıdış onun əsərlərinin bədii-estetik dəyərinin yeni meyarlarla qiymətləndirilməsi deməkdir. Cavidə qayıdış onun çoxqatlı bədii dühasının təkcə milli səviyyədə deyil, ümumdünya səviyyəsində, dünya ədəbiyyatı və mədəniyyətinin bugünkü səviyyəsində dərki deməkdir.
Zəngin və qiymətli ədəbi-bədii fəaliyyəti ilə söz yaddaşımızın zirvəsinə ucalmış Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə şairin bənzərsiz yaradıcılığı və həyat yolunu bir daha vərəqləyən, xatırlayan və əziz tutan tədbirlər davam edir. AMEA Hüseyn Cavidin Ev Muzeyinin bu sahədə gördüyü işlər arasında beynəlxalq elmi konfransın, xarici ölkələrdə anım günlərinin keçirilməsi, şairin əsərlərinin xarici dillərə tərcümə olunması kimi bir çox məsələlər yer alır. Yubiley çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət xidməti şöbəsində tədbir təşkil olunub və muzeyin yeni nəşrləri, o cümlədən Hüseyn Cavidin fransız, alman, çex, yunan və s. dillərə tərcümə olunmuş əsərləri səfirliyin kitabxanasına hədiyyə edilib. Yubileylə bağlı tədbirlərin davamı olaraq oktyabrın 23-də AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirlər silsiləsində oktyabrın 27-də Azərbaycanın Bolqarıstandakı səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında Bolqarıstanda genişmiqyaslı tədbir keçiriləcək. Bu tədbirdə bolqar dilində tərcümə və nəşr olunan “Şeyda” və “Maral” əsərlərinin təqdimat mərasimi təşkil olunacaq, kitablar bolqar oxucularına hədiyyə ediləcək.
Cavid yaradıcılığının tədqiqi məsələsi hələ davam edir və güman edirik ki, qarşıda bizi Cavid haqqında yazılacaq ən sanballı əsərlər gözləyir.

Gülbəniz BABAXANLI,
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru