Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dillər Universitetinin “Səfir saatı”nda Qulam İshaqzai tələbələrə mühazirə oxuyub

23 Oktyabr 2017
Oktyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Əməkdar Elm Xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

ADU-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə K.Abdulla “Səfir saatı” layihəsi çərçivəsində qonağın mütəmadi olaraq tələbələrlə görüşüb öz fikirlərini onlara çatdıracağına əminliyini bildirib. Ölkəmizdə multikultural mühitin və ideyaların lap qədim zamanlardan mövcudluğundan söhbət açan K.Abdulla “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını qonağa hədiyyə edib və bu dəyərli nəşr haqqında ona geniş məlumat verib.

Q.İshaqzai rektora yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün tamam olduğunu qeyd edən qonaq bu münasibətlə baş tutacaq “BMT həftəsi”nin ilk tədbirinin ADU-da başladığını söyləyib. O, əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini bildirib. Gənclərin BMT-nin fəaliyyətinin əsas iştirakçıları olduqlarını vurğulayan Q.İshaqzai onlarla təmasdan həmişə məmnun olduğunu deyib.

Sonra Q.İshaqzai universitetdə həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində tələbələrə “Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan: 25 illik tərəfdaşlıq” mövzusunda mühazirə oxuyub. O, BMT-nin məqsədlərindən, təşkilata üzv olan dövlətlərdən söz açıb, BMT-nin 25 illik əməkdaşlıq çərçivəsində Azərbaycana göstərdiyi xidmətləri diqqətə çatdırıb.

Görüşdə tələbələrin sualları cavablandırılıb.