Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yirji Şestak: Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir

23 Oktyabr 2017
Oktyabrın 23-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Çexiya və Azərbaycan arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr yüksək səviyyədədir və ildən-ilə inkişaf edir. Qeyd edib ki, səfər çərçivəsində aparılacaq danışıqlar bu əlaqələrin daha da inkişafına töhfə verəcək. O, parlamentlərarası əlaqələrdən və digər sahələrdəki münasibətlərdən də bəhs edib, bu işdə dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Çexiya Senatının sədr müavini Yirji Şestak ölkəmizdə olmaqdan məmnunluğunu vurğulayıb. Çexiya və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalandığını xatırladan qonaq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib. Həmçinin iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Çexiya və Azərbaycan şirkətlərinin, xüsusən də nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq etdiyini və bu münasibətlərin iki ölkə əlaqələrinə müsbət təsir etdiyi də bildirilib. Bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.