Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ordumuz - güvən və qürur yerimizdir

22 Oktyabr 2017
 

Əzəli torpaqlarımızın bir hissəsinin işğalı nəticəsində  Naxçıvan Azərbaycandan aralı düşüb - torpaq üzərindən əlaqəmiz kəsilib. Düşmən Ermənistanla uzun sərhəd zolağı var.

Azərbaycanla aradakı məsafə rayonlarımızın işğalı ilə bir qədər də uzanıb. Buna baxmayaraq, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ana vətənlə vahid ruhda yaşayır və fəaliyyət göstərir.

Naxçıvanın hərbi-strateji əhəmiyyəti böyükdür. Ermənistanın bütün dövlət və hərbi obyektlərinə buradan qısa məsafə və müddətdə sarsıdıcı zərbə endirmək mümkündür. Bu səbəbdən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu müstəsna önəmə malikdir. Azərbaycan Milli Ordusunun Naxçıvan Muxtar Respublikasındakı bu xüsusi statuslu bölməsi hər an düşmənə həlledici zərbə endirməyə, uğurlu hərbi əməliyyatlar keçirməyə hazırdır. Milli Ordumuzun buradakı hərbi hissələri ən müasir silahlarla, artilleriya sistemləri, döyüş texnikası və digər vasitələrlə təchiz olunub və  döyüş qabiliyyətinə görə də düşməndən xeyli üstündür.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən hərbi paradda bir daha bunun şahidi olduq. Ali Məclisin Sədri Vasif Talıbovun və müdafiə naziri Zakir Həsənovun qəbul etdiyi paradda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun nizami hərbi hissələri ordumuza inam, güvən hissini möhkəmlətməklə bərabər, bizi qürurlandırdı. Bir daha əmin olduq ki, Milli Ordumuzun yüksələn qüdrəti sonda düşməni ram etməyə yetəcək və işğal altındakı torpaqlarımız azad olunacaq.

Parada baxmağa məktəblilər, gənclər də gəlmişdi. Dərs dediyim ibtidai sinif şagirdlərinin gözlərindəki parıltını, sevinci, heyrəti görməyə dəyərdi. Onların arasında “mən hərbçi olacam”, “mən tankçı olacam”, “mən qəhrəman olacam” - deyə arzularını dilə gətirən, əsgərləri bayraqlarla salamlayan uşaqları izlədikcə  zəhmətimizin hədər getmədiyini, Azərbaycanın gələcyinin etibarlı əllərdə olacağını yəqin etdim.

 

Sevinc İBRAHİMOVA,

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi