Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni yol rahat, gözəl və təhlükəsizdir

22 Oktyabr 2017
 

Sumqayıtda doğulub böyümüşəm. Ölkənin ümumi inkişafı sumqayıtlıların da  rıfahını  yüksəldib. İndi demək olar ki, hər ailədə nəqliyyat vasitəsi var.

Avtomobillərin artması şəhərin nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər aparılmasını zəruri edib.  Şəhər salınanda perspektiv inkişaf planı da nəzərə alındığından indi geniş vüsət alan yenidənqurma işləri problemsiz həyata keçirilir.

Abadlaşdırma  proqramı çərçivəsində Sumqayıtın ikinci giriş yolu sayılan  Sahil küçəsi də yenidən qurulub. Xəzər dənizi sahili boyu  Novxanı istiqamətində yol bütünlüklə əsaslı təmir edilib. Yolun eni iki dəfə genişləndirilib, yüksək keyfiyyətli asfalt döşənib, piyada hərəkəti üçün səki qurulub.

Yolda hərəkətin təhlükəsizliyinin vacib şərtlərindən biri küçənin işıqlandırılmasıdır. Gecələr gündüzü xatırladan bu yolda hazırda hərəkət etmək rahat və təhlükəsizdir - burada müasir işıqlandırma sistemi qurulub.

Sumqayıta  üç istiqamətdən giriş  yolları  abadlaşdırıldıqdan ötən son bir ildə bu küçələrdə tıxac qeydə alınmayıb.  Əvvəllər bu istiqamətdə müşahidə olunan marşrut çatışmazlığı da aradan qaldırılıb. İndi buradan paytaxtın Xətai, Binəqədi, Sabunçu rayonlarına getmək daha asandır: həm məsafə qısadır, həm yol rahatdır. Yol boyu salınmış yaşıllıqlar, gül-çiçək zolaqları əraziyə gözəllik, insanlara könül xoşluğu gətirir. Sürücü olaraq yaradılan bu şəraitdən, gözəlliklərdən  çox məmnunam.

 

Qəhrəman KƏRİMOV,

Sumqayıt şəhər sakini