Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Reabilitasiya mərkəzinin uzun müddət fəaliyyət göstərməsini istəyirik

22 Oktyabr 2017
 

Mənim övladım fiziki cəhətdən qüsurlu doğulub. Anadan olandan onun reabilitasiyası üçün bir çox yerlərə müraciət etmişəm. Hətta bir neçə dəfə Bakıya aparmışam. Doğrudur,  bu kurslardan sonra uşaqda müəyyən irəliləyiş əldə olunub.

Lakin bunun üçün hər dəfə işimdən qalmalı, xeyli maddi xərcə düşməli olmuşam.  Əlbəttə, valideyn olaraq hər əziyyətə qatlaşmağa hazıram. Bununla belə,  Bakıya gedib həftələrlə orada qalmağım ailənin digər üzvləri üçün çətinliklər yaradır. 

Bu yaxınlarda eşitdim ki, yaşadığım Samux rayonunda da uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyətə başlayıb. Çox sevindim və dərhal övladımı ora apardım. Müayinədən keçirdikdən sonra onu reabilitasiya proqramına daxil etdilər. Artıq bir neçə həftədir ki, övladımla məşğələlərə başlayıblar.

Qeyd edim ki, mərkəzdə fiziki cəhətdən qüsurlu olan uşaqların reabilitasiyası üçün hər şərait yaradılıb. Hazırda burada 30-dan artıq uşaq reabilitasiya olunur. Bu işə təcrübəli psixoloqlar, terapevtlər və digər həkimlər cəlb edilib.

Lakin mərkəzdə bizə bildirdilər ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən bu layihə cari ilin dekabr ayının 31-dək davam edəcək. Biz - fiziki qüsurlu, reabilitasiyaya ehtiyacı olan  uşaqların  valideynləri  xahiş edirik ki, bu xeyirxah layihə  uzunmüddətli olsun.

 

Aləmzər MƏHƏRRƏMOVA,

Samux rayon sakini