Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələcək uşaqların sağlamlığından asılıdır

22 Oktyabr 2017
 

Uşaqlar yalnız doğulduğu, böyüdüyü ailənin, valideynlərinin deyil, mənsub olduqları xalqın, dövlətin və əslində, bütövlükdə dünyamızın gələcəyidirlər. Onlara göstərilən diqqət, qayğı, təhsillərinin yüksək səbiyyədə təmin edilməsi, mənəvi və fiziki sağlamlıqlarının qorunması həm də bəşəriyyətin uğurlu sabahının təminatıdır.

Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyası işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Həmin tədbirlər bu sahəyə dövlət qayğısının təzahürüdür. 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Sərəncam da səhiyyə sisteminin inkişafı ilə bağlı işlərin davam etdirilməsinə, gənc nəslin sağlamlığının yüksək səviyyədə qorunmasına xidmət edir. Qeyd edək ki, bu sahədə mühüm nailiyyətlər əldə olunsa da problemlər hələ də var. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən edilib.
Bu proqramın məqsədi respublikamızda ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin kadr hazırlığının gücləndirilməsi, regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması və digər zəruri vəzifələrin həyata keçirilməsidir.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı, professor Nəsib Quliyev son on il ərzində səhiyyə sahəsində bir çox işlər görüldüyünü, bu illər ərzində 600-dən çox tibb müəssisəsinin tikildiyini, yaxud təmir-bərpa olunduğunu, ən müasir avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırdı.
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”ına gəlincə, baş pediatr proqramda irəli sürülən vəzifələrin hazırda müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayır. Bildirir ki, bu iş dövlətin prioritet məsələsidir və hələ 2006-2010-cu illəri əhatə edən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” çərçivəsində əhəmiyyətli islahatlar aparılıb. Ölkənin 7 regionunda xüsusi perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib.
Yeddi ilə hesablanmış bu Dövlət Proqramı geniş əhatəyə malikdir. N.Quliyev söyləyir ki, proqramda göstərilən birinci istiqamət ölkədə perinatal xidmətin daha da yaxşılaşdırılmasıdır: “Perinatal xidmət hamiləliyin 22-ci həfəsindən dünyaya gələn və doğulandan sonra bir həftə yaşayan uşaqları əhatə edir. Araşdırmalar göstərir ki, ölkəmizdə körpə ölümünün dörddə üçü bu dövrləri əhatə edir. Səhiyyə Nazirliyi həmin yaş dövründə baş verən xəstəlikərin qarşısının alınmasına, onların vaxtında diaqnostika və müalicəsinə yönəlmiş tədbirləri davam etdirir. Bundan başqa, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”ında körpələrin ana südü ilə qidalanırlmasının davam etdirilməsinə xüsusi diqqət ayrılıb. Bu da çox vacib məsələdir. Araşdırmalar deməyə əsas verir ki, uşaqların 2 yaşadək ana südü ilə qidalandırılması təmin olunarsa, uşaq ölümünü 3,9 dəfəyə qədər azaltmaq mümkündür”.
Hələ 2003-2004-cü illərdə ölkəmizdə “Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Həmin qanunun 1-ci bölməsi bütövlükdə ana südünün təbliğinə həsr olunub. Azərbaycanda ana südü ilə qidalanma 1992-1993-cü illərdə fəlakət həddinədək azalmışdır. O zamankı araşdırmalar göstərirdi ki, hər 100 nəfər uşaq dünyaya gətirən anadan 25-i körpəsini 1 yaşadək ana südü ilə bəsləyir. Keçən illər ərzində Səhiyyə Nazirliyinin tərkibində Ana südü ilə qidalanma üzrə Milli Komitə yarandı. İndiyə qədər də respublikanın bölgələrində bu məsələ ilə bağlı seminarlar, müşaviirələr keçirilir, KİV-də təbliğat aparılır. Artıq göstəricilər ürəkaçandır, ancaq hədəfdə ana südü ilə körpələrin qidalanma faizini 95-98 faizə çatdırmaq var. Çünki elmi araşdırmalar göstərir ki, obyektiv səbəbdən ana südünün çatışmazlığı 2 faiz ola bilər. Körpələrin ana südü ilə qidalandırılmasının 98 faizə çatmaması isə subyektiv səbəbdən irəli gəlir. Baş pediatr diqqəti bir vacib məsələyə də yönəldir: müəyyən edilib ki, hər canlının öz balası üçün hasil etdiyi qida maksimum spesifik, maksimum adekvatdır. Yəni heç biri digərinə uyğun gəlmir.
Uşaqların sağlamlıqlarının qorunması üçün respublikamızda pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 10 dekabr sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın da əhəmiyyətli rolu var. Bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilib. Proqram 2013-2017-ci illəri əhatə edir və uşaqların icbari dispanseriyzasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
Hazırda Azərbaycanda səhiyyəyə dövlət nəzarəti və qayğısı, ölkə rəhbəri tərəfindən təsdiq edilmiş proqramlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində əldə olunan nailiyyətlər və nəzərdə tutulan işlər deməyə əsas verir ki, 2020-ci ilədək tibb müəssiələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, maarifləndirmə, kadr hazırlığı, beynəlxalq əlaqələr istiqamətində uğurlarımız böyük olacaq.
Dünyada elə ölkə yoxdur ki, orada ana və uşaq ölümü olmasın. Amma bəzi ölkələrdə bu göstərici daha yüksəkdir. Baş pediatr son illər Azərbaycanda ana və uşaq ölümünün azaldığını, belə ki, ana ölümü göstəricisinin hər 100 min diridoğulana 12-13 nəfər, körpə ölümünün isə hər 100 min diridoğulandan 1 yaşına çatana qədər 10-11 nəfər olduğunu söyləyir. Bununla belə, bu sahədə də həlli vacib problemlər hələ qalmaqdadır.
Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində son illər qızılca və məxmərək xəstəlikləri sıfır həddinə çatmaqdadır. Ancaq ölkəmizdə və dünyada bəzi xəstəliklər var ki, yaranma səbəbi tibb elminə məlum olmadığından onları müalicə etmək çox çətindir. Bu cür xəstəlikləri olan uşaqlar erkən aşkar edilməli, dispanserə qeydiyyata götürülməlidir. Tibb üzrə mütəxəssislər, valideynlər həmin uşaqlara nəzarət etməlidir.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra nüfuzlu beynəlxalq səhiyyə təşkilatlarının üzvü olub. Onlardan biri - Ümumdünya Səhiyyə Təşkilatı 1977-ci ildə insanların sağlamlığının qorunmasını tənzimləmək üçün yaradılıb. 1989-cu ildən fəaliyyət göstərən BMT-nin Uşaq Hüquqları Bəyannaməsi onların sağlamlığı və hüquqlarının qorunması baxımından ən mühüm sənədlərdən biridir.
Uşaqların sağlamlığını və rifahını qoruyan ən mühüm təşkilatlardan biri də UNİSEF-dir. Təşkilatın müddəlarında uşaqların lazımınca qidalanması, peyvəndi, təhsili, tibbi xidmətlərindən yararlanması və digər məsələlərə diqqətin göstərilməsi nəzərdə tutulub.
N.Quliyev bir reallığı da nəzərə çatdırır ki, hər bir dövlətin, ailənin, cəmiyyətin humanizmi, iqtisadi, mədəni inkişafı, sosial vəziyyəti haqqında geniş məlumatı uşaqlarına baxmaqla da almaq mümkündür: “Uşaq cəmiyyətin güzgüsüdür. Onlara baxıb dövlətinə, cəmiyətinə, ailəsinə qiymət verirlər. Təəssüf ki, bu gün dünyada ən çox haqqı pozulan uşaqlardır. Onlar öz hüquqları uğrunda mübarizə aparmaq gücünə, imkanına malik deyillər. Uşaqlar bizim vicdanımızdan asılmış vəziyyətdədirlər. Bir faktı deyim: doğma ana uşağına süd vermirsə, onun qədər o uşağın haqqını pozan ikinci şəxs yoxdur. Çünki ana südü ilə normal qidalanmamaq bir çox uşaq xəstəliklərinin yaranmasına səbəb olur və süni yolla qidalanan körpələrin ölüm sayı təbii yolla qidalanan körpələrin ölüm sayından çoxdur. Yaxud övladını peyvənd etdirməyən ata-analar var. Soruşursan, səbəbini izah edə, əsaslandıra bilmirlər. Valideynlərə tövsiyəm budur ki, uşaqlara qarşı daim diqqətli olsunlar. Onların sağlamlığını qorusunlar”.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”