Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydaları ilə bağlı elmi-metodiki seminarlar keçirib

21 Oktyabr 2017
Dövlət İmtahan Mərkəzi (DİM) Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydaları ilə bağlı seminarlar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarlarda Gəncə və Naftalan şəhərlərinin, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy və Kəlbəcər rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri iştirak ediblər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydalarına dair təqdimat edib, bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis dili, fransız dili) fənləri üzrə davam etdirilib.

DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modelləri, BDU-nun nəzdində Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasından buraxılış imtahanı proqramı haqqında məlumat verib, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim ediblər.

Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9 illik təhsil bazasından buraxılış imtahanı proqramı, fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarları barədə məlumat verib.

İngilis dili fənni üzrə seminarda isə Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva, fransız dili fənni üzrə ADU-nun professoru (DİM-in fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Çəmən Babaxanova buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulmuş tapşırıq modelləri haqqında danışıblar.

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb. DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.