Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

225 milyard dollar investisiya...

21 Oktyabr 2017
 

Son 14 ildə Azərbaycan iqtisadiyyatına yatırılan bu sərmayə davamlı inkişafın möhkəm təməlini yaradıb

 

Bu gün dünyada maliyyə resurslarının məhdudlaşdığı, şirkətlərin, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir dönəmdə Azərbaycan həm daxili, həm də strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində nümunə göstərən dövlətə çevrilib.
Dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi həm sosial-iqtisadi, həm də praqmatik və müstəqil siyasət nəticəsində reallaşıb.

 

Sabit iqtisadiyyata malik olan dövlət

 

Artıq beynəlxalq birliyin etibarlı tərəfdaşı olan Azərbaycan daxili imkanları hesabına böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələr həyata keçirir. Regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən ölkəmiz həm də dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi xarakterizə olunur. Özünü dünyaya müasir, güclü dövlət kimi təqdim edən Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.
Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.
Ölkəmizdə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

 

14 ildə ölkə iqtisadiyyatına 107,2 milyard dollar xarici investisiya qoyulub

 

Qloballaşan dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan yerlərə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Son 14 ildə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edir.
Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunan dövlət başçısı vurğulamışdır ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi həm investisiyaların cəlb edilməsini, həm yerli investorların sərmayələrinin ölkəmizə həvəslə yatırmalarını təmin edib: “Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir”.
Onu da xatırladaq ki, ötən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bunun 8 milyardı xarici, 3,7 milyardı isə daxili sərmayə idi. Bu isə bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.

 

Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr

 

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Şübhəsiz ki, burada etibarlı tərəfdaş amili xüsusi rol oynayır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir.
Son 14 ildə reallaşdırılan ən mühüm layihələrdən biri isə “Cənub qaz dəhlizi” layihəsidir. Prezident İlham Əliyev tərəfindən “XXI əsrin layihəsi” adlandırılan və sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə Azərbaycanın enerji əməkdaşlığını genişləndirərək ölkəmizi Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Artıq “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 98 faizi, TANAP layihəsi üzrə işlərin 82 faizi, TAP-ın inşası üzrə isə 53 faizi icra edilmişdir. Hazırda inşaat işləri davam etdirilir.
Son 14 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı layihələrə də böyük həcmli investisiyalar yatırılıb. Bütün bunlar isə Azərbaycanın tranzit imkanlarını genişləndirir. Bu istiqamətdə çox mühüm layihələrə investisiyalar qoyulur. Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, bu ayın sonunda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti bunun bariz təcəssümüdür.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır.

 

Öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edən Azərbaycan

 

Azərbaycanın bu uğurlarını sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında ali tribunadan dünya birliyinə çatdıran Prezident İlham Əliyev demişdir ki, qlobal enerji bazarında mühüm rol oynayan Azərbaycan beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı kimi bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Digər tərəfdən Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq”.
Bütün bu uğurlar əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşıb. Dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirən Azərbaycanın adı artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”