Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mütərəqqi təhsil islahatları inkişafa xidmət edir

21 Oktyabr 2017
 

Nazirlər Kabinetinin iclasında bu məsələyə də toxunulub

 

Müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, dünya dövlətləri sırasına daxil olması, ilk növbədə, təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan yeni təfəkkürlü intellektual elitanın, güclü insan kapitalının formalaşdırılması Azərbaycanda da qarşıda duran strateji əhəmiyyətli vəzifələrdəndir. Ölkəmizdə həyatın bütün sahələri üzrə sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında təhsilin rolu əvəzsizdir.
İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində mühüm şərtlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçi kimi bu reallıqları və keyfiyyətcə yeni mərhələdə qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından elmin, təhsilin inkişafını daim önə çəkir.
Hazırda respublikada təhsil sahəsində də dəyişikliklər baş verir. Azərbaycanın vahid Avropa təhsil məkanına daxil olması bir tərəfdən tədris-təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılmasını, digər tərəfdən isə formalaşmış təhsil sisteminin etik-mədəni, milli-mənəvi özünəməxsusluğunun qorunmasını zərurətə çevirir. Təhsilə yönəldilən dövlət vəsaitinin ilbəil artırılması ümumi iqtisadi inkişafa paralel olaraq aparılır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 1,6 milyard manata yüksəlib.
Təhsil əsri elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında onun rolu heç vaxt indiki qədər aktual olmamışdır. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” - deyən ölkə rəhbəri bu sahəni daim diqqətdə saxlayır, müxtəlif problemlər üzrə çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi üçün fərman və sərəncamlar imzalayır.
Bunlardan “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahat üzrə Dövlət Proqramı”, “Təhsil sisteminin informasiyalaşdırılması proqramı (2008-2012-ci illər)”, “Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2009-2015-ci illər)” və s. xüsusi yer tutur.
Təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm amillərin nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın təhsil sisteminin modernləşdirilməsi üçün möhkəm təməl yaradır. Prezident İlham Əliyev bu barədə deyir: “Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda, milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən prioritet məsələdir”.
İndiyədək qəbul olunan bütün dövlət proqramlarında bu məsələ xüsusi vurğulanır: Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə gənclərin və yeniyetmələrin qazandıqları bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, habelə etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, milli ruhlu vətəndaşa çevirir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 14 ildə təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təchizatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsidir. Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidən qurulması ilk növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlirdi. Son 10 ildə qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının istifadəyə verilməsi indiyə qədər icra edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında da öz əksini tapıb.
Ölkə rəhbərinin 2004-2017-ci illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycanda informasiya biliklərinin əsası məhz orta ümumtəhsil məktəblərində qoyulmalı, şagirdlərin ən müasir biliklərə yiyələnməsi təmin edilməlidir.
Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında qeyd olunduğu kimi, 2017-2018-ci tədris ilində məktəb infrastrukturunun müasirləşdirilməsi tədbirləri davam etdirilib. Bakı şəhərində xeyli sayda orta ümumtəhsil müəssisəsi, o cümlədən 4 min şagird yerlik 20 nömrəli məktəb istifadəyə verilib. Bununla yanaşı, bu il bir peşə tədris mərkəzi, bir uşaq-gənclər inkişaf mərkəzi, bir tədris-idman bazası, üç universitet üçün kampuslar tikilib və ya əsaslı təmir olunub. Dövlət başçısının tapşırığına əsasən, növbəti ildə 44 rayonu əhatə edən az komplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcəkdir. Cari ilin sonunadək istifadəyə veriləcək belə məktəblərin sayı 100-ü ötəcək. Hazırda bu tədbirlər çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb.
Dövlət başçısının qətiyyətli və böyük dəstəyi ilə yeni tədris ilində Cəbrayıl rayonunun bərpa olunmuş Cocuq Mərcanlı kəndində yeni məktəbin fəaliyyətə başlaması mühüm hadisələrdən biri kimi qeyd olunmalıdır. Bu il bütün məktəblərdə ilk dərslər Cocuq Mərcanlının bərpası, sakinlərin doğma yurduna qayıtması dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətinə həsr edilmişdi. Bu hadisə yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində təbii ki, mühüm rol oynamışdır.
Nazirlər Kabinetinin son iclasında 2013-cü ilin oktyabrında ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Milli Strategiya”nın icrası ilə bağlı məsələlərə də geniş toxunuldu. Hər şeydən öncə qeyd edək ki, sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılmasına olan böyük ehtiyac sənəddə xüsusi yer almış əsas məqamlardandır: “Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”. Bu əsas vəzifə nəzərə alınaraq 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, onlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Strategiyaya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazanın gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Təhsil üçün ayrılan vəsaitlərin ilbəil artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənir.
Həyata keçirilən tədbirlər sırasında təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə, beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet təşkil edir.
Ümumilikdə təhsilin informasiyalaşdırılması məqsədilə 2005-2007-ci və 2008-2013-cü illəri əhatə edən iki dövlət proqramı təsdiq edilib, onların həyata keçirilməsi nəticəsində respublikanın ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompüter nisbəti təmin olunub. 2000-dən çox məktəb genişzolaqlı sürətli internetə qoşulub, 50 təhsil müəssisəsində “Elektron məktəb” layihəsinə başlanılıb.
Təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəbləri” proqramları çərçivəsində son 10 ildə 400-dən artıq yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilərək istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Fondun təşəbbüsü ilə hazırda Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacının təmin edilməsi məqsədilə müasir yataqxana kompleksinin inşasına başlanılıb. Yataqxananın növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Nazirlər Kabinetinin son iclasında açıqlanmış məlumatlar ümumi təhsildə həyata keçirilən islahatların ali məktəblərə qəbul prosesinin nəticələrinə də müsbət təsir göstərdiyini deməyə əsas verir. Belə ki, bu il ali məktəblərə 37624 nəfər qəbul olunub. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16, 400-dən çox bal toplayanların 19, 500-dən çox bal toplayanların 28, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb.
Son illər müəllimlik peşəsinin nüfuzunun yüksəldilməsi, onların işə qəbulunun şəffaf və ədalətli meyarlar əsasında aparılması istiqamətində də mühüm tədbirlər görülür. Təhsilin inkişafı üzrə strategiyaya müvafiq olaraq müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər 2017-ci ildə də davam etdirilib. Nazirlər Kabinetinin iclasında bildirilib ki, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqları yoxlanılıb və ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. 2017-ci ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 49 min müəllim elektron ərizə ilə müraciət edib və bu da 2013-cü illə müqayisədə üç dəfə çoxdur. Şəffaf və obyektiv təşkil edilən müsabiqə nəticəsində 5 min 644 müəllim işə götürülüb. Bu il qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib.
2017-ci ildə yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə icrasına başlanılmış xarici ölkələrdə ali təhsil proqramının 10-cu ildönümü tamam olur. Ölkə başçısının 2007-ci il 16 aprel tarixli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 minədək gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi təmin edilib. Hazırda proqram üzrə 650 nəfər tələbə təhsilini davam etdirir.
Nazirlər Kabinetinin iclasında bir məsələ də xüsusi qeyd olunub: “Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi yeni prinsiplər əsasında artıq işlənərək hazırlanıb. Əvvəlki “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan fərqli olaraq bu proqramda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi məqsədlər əlavə olunub.
Universitetlərin akademik və elmi fəaliyyətdə çevikliyinin, eyni zamanda, müasir korporativ idarəetmə modellərinin tətbiqini təmin etmək üçün ölkə rəhbərinin sərəncamları ilə Bakı Mühəndislik Universitetinə, Bakı Dövlət Universitetinə, Azərbaycan Dillər Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs statusu verilib.
Azərbaycanın hazırkı dinamik inkişafı peşə ixtisas təhsilinin yenidən qurulmasını və bu sahədəki mövcud müəssisələrin müasirləşdirilməsini zəruri məsələ kimi önə çəkir. Bir vaxtlar respublikada peşə təhsilinin nüfuzu aşağı düşmüş, onların maddi-texniki bazası zəifləmiş, bu sahə demək olar ki, diqqətdən kənarda qalmışdı. Həmin zərurətdən irəli gələrək Prezident İlham Əliyev “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər)” qəbulunu və icrasını təmin etdi. Proqramın əsas məqsədi ölkə iqtisadiyyatının peşə-ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və əhalinin bu sahədə təhsil almaq imkanlarının təmin edilməsi idi. Eyni zamanda, proqramda texniki peşə təhsili müəssisələlərinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, kurikulumların yeniləşdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi və digər məsələlər də nəzərdə tutulmuşdu.
İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində mühüm addımlardan biri də dövlət başçısının 2016-cı il 20 aprel tarixli fərmanı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasıdır.
Son illər Bakı, Gəncə və Qəbələdə müasir peşə təhsili mərkəzləri inşa edilib. Mingəçevir və Quba şəhərlərində “ASAN həyat” komplekslərində fəaliyyət göstərəcək “ASAN peşə” təhsili mərkəzlərinin təşkili işlərinə artıq başlanılıb. Peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması tədbirləri çərçivəsində 34 müəssisənin bazasında 14 dövlət peşə təhsili mərkəzi yaradılıb. Ötən ildən Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı “ASAN peşə” layihəsi 2017-2018-ci tədris ilində ölkəni tam əhatə edib. İlk peşə-ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu yolu ilə 11 min 684 nəfər qəbul olunub.
Nazirlər Kabinetinin iclasında o da bildirildi ki, iqtisadiyyatın prioritet inkişaf istiqamətlərini, xüsusilə rayonların ixtisaslaşmasını nəzərə alaraq cari tədris ilindən mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində 22 yeni ixtisas üzrə kadr hazırlığına başlanılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə əlaqədar yeni ixtisaslara start verilib.
Mühüm uğurlardan biri də uşaqların məktəbəqədərki hazırlığının təmin edilməsidir. Bu proqram uşaqların gələcək inkişafında və təhsilində müstəsna rol oynayır. Ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların 55 faizi təhsilə cəlb edilib. 2020-ci ilədək bu rəqəmin 90 faizə yüksəldilməsi planlaşdırılır və bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir. Bakı şəhərində birinci siniflərə şagird qəbulu prosesi tam elektronlaşdırılıb, elektron xidmət vasitəsilə 50 minə yaxın uşaq paytaxt məktəblərinə qəbul edilib. 2013-cü ildə birinci sinfə qəbul olunan şagirdlərin sayı 138 min təşkil edirdisə, bu il həmin rəqəm 165 minə yüksəlib.
Nazirlər Kabinetinin son iclasında təhsillə bağlı məsələlərin müzakirə olunması bir daha göstərir ki, dövlət başçısı müəllim adını daim uca tutur, ölkənin uğurlu gələcəyi baxımından çoxsaylı təhsil işçilərinin əməyini yüksək dəyərləndirir. Görülən tədbirlər deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar milli təhsilin inkişafına, ölkədə güclü insan kapitalının formalaşdırılmasına əsaslı təkan verəcək.

İradə ƏLİYEVA,
“Azərbaycan”