Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Memarlıq və İnşaat Universiteti “QS”nin reytinq cədvəlində ən yaxşı universitetlər siyahısına düşüb

20 Oktyabr 2017
Böyük Britaniyanın “Quacqerelli Symonds” (“QS”) təşkilatı 2018-ci ili üçün ali təhsil müəssisələrinin reytinq cədvəlini dərc edib. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilk dəfə dünyanın ən yaxşı universitetləri arasında bu siyahıya daxil edilib. “QS” reytinq təşkilatının inkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində AzMİU bu il 171-180 ən yaxşı universitet arasında qərarlaşıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “QS” təşkilatı həmin regionun təxminən 20 ölkəsində fəaliyyət göstərən 300 universitet haqqında araşdırmalar aparıb. Təşkilat dünya universitetlərinin fəaliyyətini 6 meyar üzrə qiymətləndirir. “QS”nin reytinq bazasına düşmək üçün hər bir kateqoriya üzrə universitet tərəfindən lazımi məlumatlar müvafiq şöbələrdən toplanaraq bazaya göndərilir və nəticələr qiymətləndirilir.

“QS”nin reytinqində ən yüksək göstəricini universitetlərin “Akademik reputasiya” indikatoru tutur. “Akademik reputasiya” indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür.