Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Şurasında antiazərbaycançı şəbəkənin təsirinə düşən qüvvələrin təxribatı iflasa məhkumdur

20 Oktyabr 2017
 

Milli Məclisin deputatları ölkəmizə yönəlmiş yeni məkrli kampaniyaya etirazlarını bildirdilər

Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələləri təqdim etdikdən sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova söz verdi.

S.Seyidov AŞ PA-nın payız sessiyası barədə danışaraq onun digər sessiyalardan fərqli olaraq o qədər də asan keçmədiyini bildirdi. Onun sözlərinə görə, səbəb təkcə Azərbaycanla bağlı sənədlərin müzakirəsi deyildi, ümumiyyətlə, sessiyanın bir neçə günü Azərbaycana həsr olundu. Sual olunur: Buna nə ehtiyac var idi? Nəyə görə Azərbaycanla bağlı məsələlər gündəmə gətirildi? Bütün bunlar bizə aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, bu qurum, əslində, hansısa bir ölkəni hədəf alaraq öz niyyətlərini həyata keçirmək istəyir. Azərbaycandan başqa monitorinq altında olan ölkələr də var, lakin həmin ölkələrə bu cür yanaşılmır. Görürük ki, burada Azərbaycan bir hədəf kimi seçilib. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən deputatlar əsassız iddialar səsləndirdilər. Keçirilən iclaslar zamanı çıxışçılar qəbul olunmuş sənədlərə elə əlavələr edirlər ki, bunlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Bu gün Avropa Şurasının baş katibi ən yüksək dəyərləri - insan haqlarını, demokratiyanı alətə çevirərək Azərbaycana qarşı təzyiq göstərir. Bir milyon qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir.
Nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs vermələrinə də münasibət bildirdi. “Onların mövqeyi Türkiyənin mövqeyi deyil. İki ölkə arasında münasibətlər inkişaf edir. Ümumilikdə isə münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür. Bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır”, - deyə S.Seyidov əlavə edib.
Milli Məclisin Sədri Oqtay Əsədov da AŞ PA-da Azərbaycan əleyhinə səsə qoyulan qətnaməyə münasibət bildirdi. Qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə olan qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsələr də, bitərəf qalıblar. Bu da doğru addım deyil. Sədrin sözlərinə görə, hazırda Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur. Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki lotereya oynayırlar, yalnız Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum qərəzli maddə tətbiq edilərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq.
Deputatlardan Rüfət Quliyev, Tahir Kərimli, Fazil Mustafa, Zahid Oruc və Elmira Axundova çıxış edərək Azərbaycana qarşı bu cür qərəzli addımların atılmasında antiazərbaycançı qüvvələrin, xüsusən də erməni lobbisinin məkrli fəaliyyətinə diqqət çəkdilər. Yekunda S.Seyidov parlamentdəki müzakirələri ümumiləşdirərək bunu müraciət formasnda AŞ PA-ya göndərməyi təklif etdi. Səsləndirilən təklif deputatlar tərəfindən qəbul olundu.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr nəzərdən keçirildi. Qeyd edildi ki, qanun layihələrinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Bundan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsi barədə danışaraq bildirdi ki, sənədə təklif olunan dəyişikliklərə əsasən, mədəniyyət nümunələrinin mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir və ekspertizanın nəticəsinə dair verilən arayış və ya digər məlumatlar mədəni sərvətlərin ixracı üçün əsasdır. Dəyişikliklər ixracın sadələşdirilməsi məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsinə və “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinə müsbət rəy verdilər.
İclasda Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də nəzərdən keçirildi. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Miqrasiya Məcəlləsinin müvafiq maddəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin geniş siyahısı verilib. İcazənin alınması (müddətin uzaldılması) üçün tələb olunan rəsmi sənədlərin sayı 16-dır. Bu sənədlərdən bir neçəsi mövcuddur. Məsələn, ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri. Onların olmamasının icazənin alınması (müddətinin uzadılması) üçün heç bir əhəmiyyəti yoxdur. Oxşar müddəa məcəllənin digər müvafiq maddəsi ilə bağlıdır. Belə ki, məcəllənin mövcud redaksiyasına görə iş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini təqdim etməlidir. Bu dəyişikliklərin qəbul olunacağı təqdirdə də məcəllənin müvafiq maddələrində tələb olunan sənədlərin siyahısı kifayət qədər yetərlidir. Məcəlləyə təklif edilən dəyişikliklər bürokratik əngəllərin qarşısını almaq məqsədilə təklif olunur. Qanun layihəsi qəbul edildi.
İclasda həmçinin Cinayət Məcəlləsində, buna müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Buraya humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. Müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb.
Bildirildi ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, ölkəmizdə narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicəyə cəlb olunacaq. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Bu şəxslər dövlət hesabına müalicə olunacaqlar. Bundan başqa, qanun layihəsinə təklif edilən dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamının icrası ilə əlaqədardır. Həmin sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Qeyd edilənlərə əsasən, təqdim olunan qanun layihəsində Cinayət Məcəlləsinə müəyyən istiqamətlər üzrə dəyişikliklərin edilməsi təklif olunur.
Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası ilə bağlı maddə əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükələr törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, sözügedən vacib və irihəcmli dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının təmini baxımından mühüm bir sənəddir. Əsas məqsəd qanunvericiliyi dövlətin cəza siyasətinə uyğunlaşdırmaqdır. Dəyişikliklərin qəbul edilməsi həm də Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq. Onun sözlərinə görə, hər bir dövlətin cəza-hüquq siyasəti var. Yəni dövlət cəza siyasətində humanizmə üstünlük verir. Eyni zamanda, dünyanın heç bir ölkəsində ideal qanunvericilik sistemi yoxdur. Zaman keçdikcə çatışmazlıqlar da aradan qaldırılacaq. Hazırkı qanun layihəsi humanizm prinsiplərinə əsaslanıb.
Deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquluyev, Əli Məsimli, Elmira Axundova, Musa Quliyev, Zahid Oruc, Tahir Kərimli, Vüsal Hüseynov və Fərəc Quliyev Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışdılar. Qeyd edildi ki, Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsinə təklif olunan dəyişikliklər cəza siyasətinin humanistləşdirilməsi məqsədindən irəli gəlir. Müzakirə olunan layihələr səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin dünənki iclası başa çatdı.

Elgün MƏNSİMOV,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”