Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var

19 Oktyabr 2017
Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycanla Litva arasındakı dostluq əlaqələrindən danışaraq bildirib ki, ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.

Parlamentin sədri Azərbaycanın demokratik inkişafı, həyata keçirilən hüquqi, iqtisadi islahatlar, qazanılan uğurlar barədə ətraflı məlumat verib. Oqtay Əsədov Azərbaycanın regionun ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrdən də danışılıb. Qeyd olunub ki, Azərbaycan-Litva münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var.

Xanım İrena Şiauliene Litva-Azərbaycan əməkdaşlığının inkişafından məmnunluğunu bildirib. O deyib ki, Azərbaycanın dinamik inkişafı, qısa vaxtda əldə etdiyi uğurlar bizdə böyük maraq doğurub. Ölkələrimiz arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək və genişlənəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.