Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbində yeni ixtisaslar açılacaq

19 Oktyabr 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olub.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun da iştirak etdiyi səfər çərçivəsində E.Qasımov və ODTU-nin rektoru professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər arasında ODTU-nin elektrik və elektronika mühəndisliyi, kompüter mühəndisliyi ixtisasları əsasında BANM-də eyniadlı ixtisasların açılması barədə razılıq əldə edilib. Həmçinin təhsil müəssisələri arasında ikili diplomun verilməsi imkanları müzakirə olunub. Rektor E.Qasımov bu məqsədlə ODTU-nun rektorunu BANM-ə dəvət edib.

Səfər BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsi işlərinin başlanmasına təkan verib. ODTU-nun rektoru BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək dəyərləndirib, bu ali məktəblə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.