Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalı keçirilir

19 Oktyabr 2017
 

Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalına oktyabrın 14-də start verilib. Festival oktyabrın 22-dək davam edəcək.

Azərbaycandan festivala 150 nəfərdən ibarət geniş tərkibli nümayəndə heyəti qatılıb. Heyətin tərkibinə dövlət qurumlarının, qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələri, yaradıcı gənclər, gənc alimlər,  təhsil alan istedadlı gənclər, teatrda çalışan aktyorlar daxil edilib. İştirakçılar arasında idman sahəsində yüksək nailiyyətlər əldə etmiş idmançı gənclər də var.

Soçidə keçirilən festival müddətində 185 ölkədən 25.000 gəncin iştirak edəcəyi gözlənilir. Tədbirin əsas məqsədi gənclər arasında beynəlxalq əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, gənc nəslin aktual problemləri və qlobal çağırışlar barədə geniş müzakirələr aparmaq, ümumi baxışları formalaşdırmaqdır.

Onu da bildirək ki, bu festival ilk dəfə 1947-ci ildə Çexiyanın Praqa şəhərində keçirilib. Rusiya Federasiyasında isə birinci dəfə 1957-ci ildə Moskvada Gənclər və Tələbələrin sayca VI Ümumdünya Festivalı təşkil edilib.

Beynəlxalq səviyyədə festivalın təşkilatçısı Demokratik Gənclərin Ümumdünya Federasiyasıdır (WFDY). 2016-cı ilin iyun ayında Venesuelanının Karakas şəhərində federasiyanın təşkilatçılığı ilə Beynəlxalq Hazırlıq Komitəsi tərəfindən keçirilən iclasda gənclərə çağırış və festivalın məqsəd və vəzifələrini özündə əks etdirən sənəd qəbul olunub.

Soçi festivalının proqramı olduqca zəngin və rəngarəngdir. Mədəni tədbirlər proqramı çərçivəsində iştirakçılar və qonaqlar üçün İncəsənət mərkəzi, Beynəlxalq gənclər kinofestivalı, Gənclərin fotoşəkilləri mərkəzi, Gələcək kitabxana, Küçə mədəniyyəti festivalı, Rəqs akademiyası, Robot şousu tematik guşələr təşkil olunub. Festivalın idman proqramı qeyri-ənənəvi tərzdə olmaqla idman tədbirləri və interaktiv platformaların birləşməsi formatında keçiriləcək. İştirakçılara yeni idman növlərini və bacarıqlarını öyrənməyə imkan yaradılacaq. Proqrama 2017 metrlik Festival Qaçışı Yarışı, Akrobatik rok-n-rol üzrə Rusiya Federasiyasının interaktiv zonası - “Rəqs Planeti”nin açılış tədbiri, Futbol üzrə Fan festivalı və Qitələrarası Kubok, Dünya rekordçusu qrossmeyster Timur Qarayev ilə 24 oyunçunun gözübağlı sinxron şahmat oyunu və başqa tədbirlər daxil edilib.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”