Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Samsung"un yeni qurğusu itən əşyaları axtaracaq

18 Oktyabr 2017
"Samsung" şirkəti itən əşyaları axtarmağa imkan verən "ağıllı" "Connect Tag" brelokunu təqdim edib.

AZƏRTAC vesti.az saytına istinadla xəbər verir ki, qurğunu müxtəlif yerlərə, o cümlədən çantaya və ya avtomobil açarına, körpənin olduğu yeri tez müəyyənləşdirmək üçün uşağın arxa çantasına və ya itən ev heyvanını tez tapmaq üçün onun xaltasına bərkitmək mümkündür.

Məlumata görə, yeni qurğu "GPS" naviqasiya sistemi, "Cell ID" parametri və "Wi-Fi" nöqtələri ilə koordinatları müəyyənləşdirməyə imkan verən "WPS" sistemi ilə işləyir. Bunun sayəsində "Connect Tag" həm evin daxilində, həm də ondan kənarda unudulan əşyanın olduğu yer haqqında dəqiq informasiya əldə edir. Breloku yalnız "Android" sistemli smartfonlar vasitəsilə idarə etmək olar. Qurğunun "iPhone" modelləri ilə uyğunluğu barədə məlumat verilmir.

İstifadəçi, həmçinin istədiyi vaxt "Geoloji zona" funksiyasını işə sala bilər. Bu halda qurğu virtual zonanı tərk edən zaman bildirişlər göndərməyə başlayacaq. Bundan başqa, onu "ağıllı" ev sistemlərinə qoşaraq televizorun və ya işığın qoşulması üçün istifadə etmək olar. Rombabənzər formaya və 4,21 sm ölçüyə malik "Connect Tag" qurğusunun qalınlığı 1,19 sm təşkil edir. Korpus "IP68" standartı üzrə suyadavamlı və tozkeçirməzdir.

"Ağıllı" brelokun oktyabrın 18-19-da San-Fransiskoda keçiriləcək "Samsung Developer Conference-2017" konfransında nümayişi gözlənilir. Əvvəlcə qurğunun Koreyada, daha sonra digər ölkələrdə satışa çıxarılması nəzərdə tutulur. Qiymət barədə əlavə məlumatın veriləcəyi bildirilir.