Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir

18 Oktyabr 2017
Bakı Ali Neft Məktəbində (BANM) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir təşkil edilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqımızın müstəqillik uğrunda gərgin mübarizəsindən danışıb. Vurğulanıb ki, 1918-ci ildə əldə edilmiş qısamüddətli müstəqillikdən sonra xalqımız 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ilə yenidən öz müstəqilliyinə qovuşub. Müstəqilliyimizə qədəm qoyduğumuz gündən indiyədək ölkəmizin siyasi və beynəlxalq arenada əldə etdiyi uğurlardan danışan E.Qasımov bu nailiyyətlərin ümummilli lideri Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətin nəticəsi olduğunu deyib.

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycanın Dövlət Müstəqilliyi Gününün tarixi məqamları və ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumat verib.

Tələbələr mövzu ilə bağlı maraqlı təqdimatlarla çıxış ediblər.

Sonda rektor E.Qasımov müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulayıb.