Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezidentin dəstəyi abadlıq-quruculuq prosesini sürətləndirir

18 Oktyabr 2017
 

Dünən Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunaraq ölkəmizdə sosial-iqtisadi məsələlərin uğurla həll edildiyini, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb oçağının tikilib, təmir edildiyini qeyd edən Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin hakimiyyəti sosialyönümlüdür.

Daha sonra cari ilin doqquz ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunan uğurlar və mövcud problemlər, onların aradan qaldırılması yolları barədə məlumat verildi. Qeyd olundu ki, 9 ay ərzində rayonun iri sənaye  müəssisələri tərəfindən 17 milyard 707,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,6 faiz artıb.  Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 6 milyard 310,2 milyon manat və ya 1,9 faiz çox olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 4 milyard 462,9  milyon manat olmuşdur.

Cari ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114593 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 1478  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  12,2 faiz çoxdur. Doqquz  ay ərzində 3038  yeni daimi iş yeri ümumilikdə isə  2003-cü ilin 1 oktyabr tarixindən cari ilin həmin tarixinə 54383-ü daimi olmaqla 57851 yeni iş yeri açılıb.

Qeyd edilib ki, iyulun 20-də Prezident cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonunda jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçirilib və mərasimdən sonra inşa ediləcək üçüncü yaşayış binasının təməli qoyulub. Dövlət başçısının təşəbbüsü ilə rayonda yenidənqurmaya ehtiyacı olan,  köhnəlmiş  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 12-dən çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Daha bir neçə ünvanda yeni bina tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür kömək göstərilir. 

RİH tərəfindən Bibiheybət qəsəbəsində “Şıx” ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 80 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə  5 minə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Ölkə rəhbərinin xeyir-duası ilə RİH tərəfindən Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni orijinal idman və istirahət parkı salınaraq burada  sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Park istifadəyə verildikdən sonra gözəl bir məkana çevrilən ərazi sakinlərimizin sevimli toplantı yerinə çevriləcəkdir.

RİH-in “Abad məhəllə” layihəsinin davamı olaraq rayonun Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti “Abad məhəllə”nin yaradılması ilə bağlı yeni layihə hazırlanmış və yaxın vaxtlarda bu layihə həyata keçiriləcəkdir.

Yığıncaqda çıxış edənlər əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.

 

E.CƏFƏROV,

“Azərbaycan”