Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşaqlar da razıdır, valideynlər də...

15 Oktyabr 2017
 

Kəndimiz rayon mərkəzindən  5 kilometr aralıda yerləşir.  Abadlığına söz ola bilməz. Hər cür infrastrukturu var: işıq, su, qaz problemi yoxdur. Yaradılan hərtərəfli şəraitə görə sakinlər dövlətimizdən razıdırlar. Hətta kəndimizin körpə sakinləri də yaddan çıxmayıb. 30 ildir ki kənddə 2 saylı körpələr evi -  uşaq bağçası  fəaliyyət gösərir.  Rayon mərkəzi xəstəxanasında tibb bacısı işlədiyimdən  övladlarımın tərbiyəsini bu bağçaya həvala etmişəm.

1987-ci  ildən fəaliyyət göstərən uşaq bağçası ötən illər ərzində bir dəfə də olsun təmir olunmamışdı. Bu da  sözsüz ki, biz valideynləri çox narahat edirdi. Nəhayət, bu narahatlığımıza son qoyuldu: cari ilin sentyabrında uşaq bağçası əsaslı təmirdən sonra yenidən uşaqların ixtiyarına verildi. 35 yerlik 2 qruplu bağçada uşaqların təlim və tərbiyəsi üçün hər cür şərait yaradılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Əminəm ki, belə müasir bağçada uşaqların məktəbəqədər hazırlığı, ilkin zəruri bilgilərə, vərdişlərə yiyələnmələri, habelə istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması istiqamətində aparılan təlim-tərbiyə daha effektli nəticələr verəcək.  Nahaq yerə deməyiblər ki, uşaqlara sərf olunan vəsait gələcəyə yatırılan sərmayədir. Uşaqlarımıza - gələcəyimizə göstərilən  qayğıya  görə dövlətimizə və uşaq bağçasının yenidən qurulmasında  əməyi keçən hər kəsə kənd əhalisi adından  minnətdarlığımızı bildiririk.

 

Türanə MƏMMƏDOVA,

Balakən rayonu, Qazma kənd sakini