Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qayğıdan ruhlanırıq

15 Oktyabr 2017
 

Məktəbimizin şagird və pedaqoji kollektivi yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə başlayıb. Məktəbimizin əsaslı təmir olunması hər kəsdə razılıq və minnətdarlıq hissi doğurur. Dövlətimizin təhsilin inkişafına göstərdiyi qayğıdan biz də yetərincə bəhrələnirik.

Əsaslı təmirdən sonra yeni görkəm almış sinif otaqları, idman və akt zalları, kimya, biologiya, fizika laboratoriyaları, komputer otağı, bufet şagird və müəllimlərin istifadəsinə verilib. Qarşıda soyuq qışın gəlməsi də artıq bizi narahat etmir: məktəbdə yeni istilik sistemi quraşdırılıb. Amma uzun illərdən bəri qış aylarında ciddi problemlərlə üzləşmiş, soyuq siniflərdə dərs keçmək məcburiyyətində qalmışdıq.

Qayğı bizə ruh verir. Bütün səy və bacarığımızı sərf edərək çalışırıq ki, yüksək səviyyəyəli, elmli, savadlı, vətənini, xalqını sevən, dövlətinə sədaqətli yeni nəsil yetişdirək. Çəkdiyimiz zəhmət hədər getmir. Bu il məktəbimizin 30 məzunundan 8-i yüksək balla müxtəlif ali məktəblərə, 7-si isə orta ixtisas məktəblərinə qəbul olunub. Müəllimlərimiz daim öz üzərlərində çalışır, bilik və bacarıqlarını artırırlar. Təsadüfi deyil ki, bu il keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində kollektivimizin üzvləri yaxşı nəticələr göstərib. Riyaziyyat müəllimi Vidadi Əmrahov 60 mümkün baldan 54 bal, fiziki tərbiyə müəllimi Nürəddin Əliyev 51 bal, tarix müəllimləri Günay Əzimzadə və Həqiqət Rüstəmova 50 bal, biologiya müəllimi İradə Mustafayeva 49 bal toplayıblar. Bilik və idman yarışlarında məktəbimizin şagirdləri həmişə yüksək yerlər tutub.

 

Elşad MƏMMƏDOV,

Bərdə şəhəri, S.Behbudov adına 6 saylı tam orta məktəbin direktoru