Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ağıllı” piyada keçidi təqdim edilib

13 Oktyabr 2017
 

Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidini təqdim edib. Yeni texnologiya yollarda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəldə biləcək. “Ağıllı” keçid piyadanı aşkarlayaraq sürücüyə təhlükə haqqında xəbərdarlıq edən bir neçə sensordan ibarətdir. O həm də piyadalara yaxınlaşan nəqliyyat vasitələri haqqında məlumat verir.

AZƏRTAC “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, işıq diodları ilə təchiz edilmiş piyada keçidi bir neçə rejimdə işləyir. Yolda nəqliyyat vasitəsi olmadıqda keçiddə avtomatik olaraq yaşıl işıq yanır. Keçidin uzunluğu 22 metrdir, lakin daha çox piyada yolu keçdikdə o, eninə genişlənir. Sistem, həmçinin qaranlıqda sürücüyə xəbərdarlıq etmək üçün piyadaların üzərinə işıq salır. Nəqliyyat vasitəsi yaxınlaşan zaman keçidin qırmızı işığı yanır. Bundan başqa, piyada yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istədikdə keçiddə yaşıl işıq qırmızı ilə əvəzlənir. Məsələn, piyada keçiddən kənara çıxarsa, sistem sürücünü təhlükə haqqında məlumatlandıracaq.