Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-da fermer milli müsabiqə tarixində ən böyük balqabaq yetişdirib

13 Oktyabr 2017
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhəri yaxınlığında keçirilən milli müsabiqədə 1,07 tonluq balqabaq müsabiqə tarixinin ən böyük balqabağı elan olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nəhəng balqabağı tərəziyə qoymaq üçün xüsusi texnika lazım gəlib. 44-cü müsabiqədə yeddinci qələbəsini qazanan Coelu Holland bu nailiyyətə görə 16,5 min dollar mükafata sahib olub.

Müsabiqənin əvvəlki qalibi Vaşinqton ştatında müəllimə işləyən Sindi Tobekə ötən il yetişdirdiyi 866,4 kiloqramlıq balqabağa görə 11,5 min dollar – hər funta (0,453 kiloqram) görə 6 dollar mükafat verilmişdi. Bu dəfə isə təşkilatçıları mükafatı hər funta görə 7 dollara qaldırmaq qərarına gəliblər.

Bu il 908 kiloqramlıq balqabaq yetişdirən Tobek üç saat davam edən müsabiqənin yekununda yalnız ikinci ola bilib. Oreqon, Vaşinqton və Kaliforniya ştatlarından 20-dən çox fermerin iştirak etdiyi müsabiqədə ən yüngül balqabağın çəkisi 100 kiloqramdan çox olub.