Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Furio de Angelis: Naxçıvan Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik bölgəsidir

13 Oktyabr 2017
 

Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik bölgəsidir. Səfər çərçivəsində tarixi abidələrlə tanışlıq zamanı Naxçıvanın nə qədər qədim tarixə malik olduğunu gördüm.

Bu sözləri oktyabrın 10-12-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelis AZƏRTAC-a müsahibəsində söyləyib.

Muxtar respublikaya səfərinin məqsədi haqqında danışan qonaq deyib: “Naxçıvan Muxtar Respublikasında olmaqdan çox məmnunam. Burada bizim təlim keçməyimiz üçün də çox gözəl şərait yaradılmışdı. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisindəki sərhəd nəzarət-buraxılış məntəqələrinə səfərlər təşkil olundu. Hesab edirəm ki, Azərbaycan hökuməti və aidiyyəti qurumlarla olan əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcək”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Azərbaycan hökuməti ilə birlikdə qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi üzrə görülən işlərin davamlı olacağına əminliyini bildirib. O, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.