Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu qurulub

13 Oktyabr 2017
 

Mövcud layihələr bitəndən sonra bu, mülkiyyət kimi dövlətimizə, sərvət kimi xalqımıza qalacaq

 

23 il əvvəl “Əsrin müqaviləsi” imzalanandan sonra qarşıda duran ən mühüm məsələlərdən biri yeni neft infrastrukturunun yaradılması və köhnənin modernləşdirilməsi idi.
Bu isə özündə olduqca genişmiqyaslı tədbirləri cəmləşdirirdi. Buraya təkcə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında fəaliyyət göstərəcək platformaların tikilməsi daxil deyildi. Nefti və qazı Xəzərdən suyun altı ilə quruya daşıyan xətlər, karbohidrogenləri qəbul etmək üçün terminal və istehlakçılara ötürmək üçün boru kəmərləri, dənizdə müxtəlif daşıma, quraşdırma işlərini yerinə yetirən təmirli gəmilər və s. lazım idi.
Sex və tikinti sahələri modernləşdirilən ilk müəssisələrdən biri Bakı Dərin Özüllər Zavodu (BDÖZ) oldu. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan bu zavod ümummilli liderin Azərbaycana bəxş etdiyi ən böyük yadigarlardandır. Sovet dönəmində tikintisi SSRİ-nin başqa bir şəhərində planlaşdırılan bu müəssisənin Azərbaycanda inşa edilməsinə nail olmaq məhz Heydər Əliyev səyinin, mübarizəsinin və siyasi nüfuzunun sayəsində mümkünləşmişdi.
Bu gün genişləndirilmiş, modernləşdirilmiş BDÖZ dünya standartları səviyyəsində fəaliyyət göstərən bir müəssisədir. Onun sexləri, tikinti-quraşdırma və digər sahələri burada ən müasir dəniz platformalarının inşa edilməsinə imkan verir. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, Azərbaycanın “Əsrin müqaviləsi” çərçivəsində gördüyü işlər ən azı beş il ləngiyərdi.
BDÖZ nəinki AÇG üçün genişmiqyaslı sifarişlər yerinə yetirdi, “Şahdəniz” və digər layihələr üçün də çoxsaylı işlər həyata keçirdi, indi də öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Bakıdan Novorossiyskə qədər uzanan, nefti Səngəçaldan Supsayadək daşıyan Şimal və Qərb ixrac boru kəmərləri, Səngəçal terminalı, “İstiqlal”, “Dədə Qorqud” yarımdalma qazma qurğuları, “İsrafil Hüseynov” borudüzən barjı, “Tofiq İsmayılov” dalğıc gəmisi... Bunlar Azərbaycanın xarici şirkətlərlə birgə həyata keçirdiyi nəhəng neft-qaz layihələrinin hələ ilk mərhələlərində yaradılmış, yaxud modernləşdirilmiş infrastruktura aiddir.
Tərəfdaşları ilə birgə Azərbaycan dünyanın ən böyük neft-qaz terminallarından birini - Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşən Səngəçal terminalını tikdi.
Səngəçal terminalı “Əsrin müqaviləsi” imzalandıqdan sonra İlkin Neft Layihəsi çərçivəsində inşa edildi. Obyektin tikintisi 1996-1997-ci illərdə aparıldı. 1997-ci ilin noyabrında “Çıraq” platformasından alınan ilkin neft buraya həmin ilin sonunda çatdırıldı. Əvvəlcə terminal yalnız “Çıraq” neftini ixrac etmək gücündə idi. Növbəti yataqlardan gözlənilən yüksək hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini meydana çıxardı.
Səngəçal terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı və işlər bir neçə il davam etdi. Bu gün terminal AÇG çərçivəsində çıxarılan nefti texnoloji emal edən avadanlıqları, BTC-nin baş nasos stansiyasını və “Şahdəniz” qurğularını özündə birləşdirən bir obyektdir. “Şahdəniz-1” qazını ixrac edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) də başlanğıcını buradan götürür.
2014-cü ildə Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin təməli qoyulub. Beləliklə, hazırda genişləndirilməsi başa çatmaqda olan CQBK eyni zamanda “Cənub qaz dəhlizi”nin vacib qollarından birinə çevrilib.
AÇG yataqlarından hasil olunan və Azərbaycana təmənnasız olaraq verilən səmt qazını “Azəriqaz” şəbəkəsinə qoşan kəmər də terminalın ərazisindən başlanır.
Azərbaycanın neft-qaz sahəsində “Əsrin müqaviləsi”ndən sonra əldə etdiyi ikinci böyük nailiyyət Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi və fəaliyyət göstərməsidir. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçən 1768 kilometrlik bu kəmər möhtəşəm bir infrastrukturdur. Onu üçüncü minilliyin nəhəng mühəndis qurğusu adlandırırlar. Boruları torpağın altında basdırılmış kəmərin yerüstü obyektləri səkkiz nasos stansiyasından və digər qurğulardan ibarətdir. BTC-nin keçdiyi yol nə qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət Azərbaycandan, Bakıdan, Səngəçal terminalından həyata keçirilir.
Səngəçal terminalı yenə də genişləndirilir. Çünki “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaz sualtı xətlərlə buraya gələcək. Buradan isə genişləndirilmiş CQBK-ya vurularaq TANAP-a (Transanadolu Qaz Boru Kəməri), sonra da TAP-a (Transadriatik Qaz Boru Kəməri) qovuşacaq. Səngəçaldan başlanan yollar Azərbaycanı getdikcə dünyanın daha uzaq ünvanları ilə birləşdirəcək.
Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində əldə edilən uğurlarda müxtəlif təyinatlı gəmilərin də böyük rolu var. Onlardan ən yenisini xatırlatmaq kifayətdir. Bu, “Xankəndi” sualtı tikinti gəmisidir. Keçən ay Prezident İlham Əliyevin iştirakı ilə gəminin təqdimat mərasimi keçirildi. Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” gəmisi DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilib. “Xankəndi” dalğalı şəraitdə normal fəaliyyət göstərmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 tonluq əsas kran, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, digər zəruri avadanlıqlarla təchiz edilib və hazırda Xəzərdəki neft-qaz donanmasının ən müasir gəmisidir. Bu gəmi məxsusi olaraq suyun dərinliyinin 550 metrədək çatdığı hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.
“Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75 faizini yerli mütəxəssislər təşkil edib. Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək.
Bakı Gəmiqayırma Zavodu “Xankəndi”ni ərsəyə gətirməklə Xəzər dənizi hövzəsinin gəmiçilik tarixində yeni eranın başlanğıcını qoyub. Onun inşası həm də Azərbaycanın iqtisadi və sənaye potensialının möhkəmlənməsinin yeni bir təzahürüdür.
Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu istismara başladığı vaxtdan ötən bir neçə il ərzində 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən dokunu, 50 ton dartı qüvvəsinə malik “SOCAR-1” yedək gəmisini, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və üst bloklarını inşa edib. Zavod “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən “İsrafil Hüseynov” borudüzən, “Tofiq İsmayılov” dalğıc, “Gilavar” tədqiqat, “Azərbaycan” kran, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərinin, habelə “Dədə Qorqud” yarımdalma qazma qurğusunun təmir və yenilənməsini də uğurla həyata keçirib.
Bütün bunlar “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın neft-qaz sənayesində yaradılan və modernləşdirilən infrastrukturun yalnız bir hissəsidir.
İllər ötəcək, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz yataqlarının işlənməsi və karbohidrogenlərin ixracı layihələri bitəcək, onların əvəzinə bu və digər sahələrdə yeni layihələr, plan və perspektivlər gündəmə gələcək. Azərbaycanda neft-qaz yataqlarının işlənməsi, karbohidrogenlərin hasilatı, daşınması, ixracı üçün yaradılan infrastruktur isə dövlətin mülkiyyəti, xalqın sərvəti olaraq qalacaq.

 

Flora SADIQLI,
“Azərbaycan”