Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təkmil sosial inkişaf kursu

13 Oktyabr 2017
 

Prezident İlham Əliyevin müəllifi olduğu bu strategiya əhalinin etibarlı sosial müdafiəsi sahəsində dünyada ən qabaqcıl təcrübələrdən sayılır

 

Müstəqilliyinin bərpasının artıq 26-cı ilini yaşayan Azərbaycan dövləti bu illər ərzində daim öz vətəndaşına qayğı ilə yanaşaraq onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görmüş və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirmişdir.
Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunun 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan keyfiyyətcə yeni və sürətli inkişaf mərhələsinə daxil olub. Ötən dövrdə respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlər, yaradılan güclü iqtisadi potensial və güclü ordu, böyük perspektivlərə doğru inamlı addımlarla müşahidə olunan sürətli tərəqqi prosesləri İlham Əliyevin “Biz özümüz üçün güclü dövlət qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin” sözlərinin əməli təsdiqini tapdığını göstərir.

 

Etibarlı və uzunmüddətli sosial müdafiə sistemi

 

Ölkəmizin ümumi inkişafı, ilk növbədə, vətəndaş firavanlığının təminatı, hər bir insanın layiqli iş və yaşayış şəraitinə malik olması, etibarlı və uzunmüddətli sosial müdafiə sisteminin formalaşdırılması məqsədinə xidmət edir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” - deyə bəyan edən dövlət başçısının ildən-ilə güclənən sosial inkişaf kursu bazar iqtisadiyyatı şəraitində sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə, yoxsulluq və işsizliyin 5 faizə enməsinə imkan verib.
Azərbaycan Prezidentinin uğurlu sosial siyasətinə və islahatlar proqramına uyğun olaraq ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlətin sosial məqsədlərinə doğru mühüm addımların atılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, əmək hüquqlarının müdafiəsi, sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyası, əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar əsasında təkmilləşdirilməsi, əhaliyə müasir və şəffaf xidmətlərin təşkili istiqamətində mühüm addımların atılması təmin edilib.

 

5560 nəfər əlil və şəhid ailəsinə yeni mənzil, 5900 nəfərə avtomobil verilib

 

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə müharibə əlillərinə və onlara bərabər tutulanlara 2008-ci ilin sentyabrından Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılaraq I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. Bu təqaüdlə bərabər, onlar əlilliyə görə aylıq sosial müavinətlə və ya əmək pensiyası ilə də təmin olunurlar. Hazırda həmin insanlardan böyük əksəriyyəti əmək pensiyası alanlardır. Eyni zamanda dövlət başçısının digər bir fərmanı ilə şəhid ailələrinin hələ 2007-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb və ötən müddətdə şəhid ailələrinə ödənilən həmin təqaüdün məbləği 2,2 dəfə artırılaraq 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir.
Dövlət başçısının əlil və şəhid ailələrinə xüsusi qayğısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə təminatı işlərində öz aydın ifadəsini tapır. Xüsusilə də Prezidentin 20 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı bu istiqamətdə işlərin daha da güclənməsinə imkan verib. Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son iki ildə və cari ilin ötən dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub.
Ümumilikdə bu vaxta qədər nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5,1 min nəfərə yaxını Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, qalanları İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir.
Müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı proqramının gücləndirilməsində Prezidentin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları əhəmiyyətli rol oynayıb. Həmin sərəncamların icrası olaraq 2014-2016-cı illərdə 2063 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verilib. İndiyədək 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim edilib. Bütün bunlar isə müharibə əlillərinin və şəhid ailələrinin Prezident qayğısı ilə əhatə olunduğunu göstərir.

 

Dövlət himayədarlığı bütün sahələri əhatə edir

 

Prezident İlham Əliyevin sosial islahatlar paketinin mühüm uğurlarından biri olaraq 2006-cı ildən Azərbaycanda beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sistemi qurulub. Həmin sistemin əsas prinsipi müasir dünya təcrübəsində pensiya təminatı ilə bağlı ən ədalətli yanaşma kimi qəbul olunan mütərəqqi prinsipi - ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına layiqli pensiya təminatını nəzərdə tutur. Bu sistemin pensiya təminatının artımına yaratdığı imkanlarla bərabər, eyni zamanda ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanıb. Nəticədə, qeyd olunan dövrdə əmək pensiyası xərcləri 5,9 dəfə, onun orta aylıq məbləği isə 6,4 dəfə artıb. 2017-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib.
Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 oktyabr 2017-ci il tarixinə 1 milyon 330 min nəfərdir və bu tarixə əmək pensiyalarının orta aylıq məbləği 204 manat, o cümlədən ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manatdır. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.
Dövlət başçısının “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində növbəti islahat kimi, pensiya qanunvericiliyində edilmiş son dəyişikliklər ölkəmizdə həmin sistemin daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasına, dünyanın qabaqcıl təcrübəsi əsas götürülərək pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib.
Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olaraq 2006-cı ildən fəaliyyət göstərən fərdi uçot sistemi məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilən vətəndaşlar haqqında məlumatların uçotunun təşkili və aparılmasını təmin edir. Hər bir şəxsin gələcək layiqli pensiya təminatı üçün fərdi hesabına kapital toplamasına imkan verən bu sistemin əhatə etdiyi vətəndaşların sayında artım dinamikası cari ildə də davam edib. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb və bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47 faiz çoxdur. Beləliklə, 1 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 milyon 528 min 470 nəfərə çatıb.
Geniş əhali kateqoriyalarını əhatə edən sosial müavinət və təqaüd sisteminə malik bir ölkə olan Azərbaycanda əlil şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, müharibə veteranları, 1 yaşınadək uşağı olan aztəminatlı ailələr, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin olunurlar.
Həmçinin ailə başçısını itirməyə görə, 3 yaşınadək uşağa qulluğa görə, yaşa görə, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə, bəzi kateqoriyadan olan şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, uşağın anadan olmasına görə və s. növlərdə birdəfəlik müavinətlər verilir. Eyni zamanda Azərbaycanın Milli Qəhrəmanları (həlak olanların ailə üzvləri), müharibə əlilləri və onlara bərabər tutulanlar, şəhid ailələri, İkinci Dünya müharibəsi iştirakçıları, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər, fəxri adları olanlar və digər kateqoriyadan olan vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilirlər.

 

97 min aztəminatlı ailəyə yaşayış stimulu

 

Aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsində ünvanlı dövlət sosial yardımı mühüm rola malikdir. Hazırda ölkəmizdə 97 min aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, bu sahədə şəffaflığın və ədalətliliyin təmini son illərdə aparılan islahatların əsas hədəflərindən biri olub.
Nəticədə, 2016-cı il fevralın 15-dən istifadəyə verilən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ünvanlı dövlət sosial yardımı sistemində bütün prosedurların məmur-vətəndaş kontaktları olmadan tam elektron qaydada həyata keçirilməsinə imkan yaradıb. Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüquqlarına baxılması üçün internet əlaqəsi olan istənilən nöqtədən və istənilən vaxt kompüterlər, mobil telefonlar və s. vasitəsilə müraciət edə bilirlər. Ailələr barədə sistemə daxil edilən məlumatların yoxlanılması 20-dən çox qurumun elektron məlumat bazalarına inteqrasiya şəraitində həyata keçirilir və məlumatların təhlili, qərar qəbul etmə prosesi də avtomatik şəraitdə yerinə yetirilir.
Sosial təminat sisteminin mühüm elementlərindən olan ünvanlı dövlət sosial yardımlarının təyinatı mexanizminin avtomatlaşdırılmış sistem üzərində şəffaflaşdırılması, bu sahədə insan faktorunun iştirakı olmadan elektron müraciət və təyinat sisteminin tətbiqi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bildirib: “Ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem - şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb”.

 

Ahıl və əlillərə dövlət arxa durur

 

Sosial cəhətdən həssas əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sosial müdafiə sisteminin əsas istiqamətlərindən biridir. Hazırda “Sosial xidmət haqqında” qanuna müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 11 208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərilir. 1100 nəfərdən çox şəxs isə nazirliyin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin edilir. Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 2 mindən çox şəxsə səyyar formada sosial xidmətlər göstərilib.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmaqla onlarda təminat səviyyəsi daha da yaxşılaşdırılıb. O cümlədən müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, pansionat üçün yeni korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nümunəvi şərait yaradılıb.

 

Həyata dönüşdə dövlət dəstəyi

 

Prezident İlham Əliyevin sosial inkişaf kursu əlilliyi olan şəxslər üçün bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulmasına da şərait yaradıb. Əsaslı təmir və yenidənqurmadan sonra dövlət başçısının iştirakı ilə 2015-ci ilin sentyabr ayında açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, habelə 2016-cı ilin dekabr ayında istifadəyə verilən Uşaq Bərpa Mərkəzi, bu müəssisələrdə ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraitinin yaradılması bunun əyani təcəssümüdür. Bu mərkəzdə və digər reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin müasir tibbi avadanlıqlarla, səmərəli üsullarla reabilitasiyası istiqamətində məqsədyönlü işlər aparılır.
Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması bu təbəqədən olan uşaqların müasir tələblərə uyğun fizioterapevtik müalicə xidmətləri ilə təmin edilməsi imkanlarının daha da genişlənməsinə səbəb olub.
Son illərdə dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan gənclərin yeni yaşayış binalarında mənzillə təmin edilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Belə ki, Heydər Əliyev Fondunun humanist təşəbbüsləri ilə həyata keçirilən böyük sosial əhəmiyyətli layihələrdən biri kimi, Abşeron rayonunun Masazır kəndində hər biri 120 mənzilli iki yaşayış binası tikilərək qeyd olunan kateqoriyaya aid gənclərin istifadəsinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu yaşayış binalarında onların hər birinə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı, bütün lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillər təqdim edilib. Hazırda “Məzun evi” üçün növbəti 120 mənzilli yaşayış binasının tikintisi aparılır. Burada yaşayan gənclərin məşğulluğunun təminatı yönündə də mühüm işlər görülür və onların artıq əksəriyyəti ətraf ərazilərdəki müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar. “Məzun evi”nin sakinlərinin məşğulluğuna yönələn işlərin davamı kimi, son vaxtlarda burada yeni xalça və tikiş sexləri də fəaliyyətə başlayıb və daha 28 nəfər gənc həmin sexlərdə işlə təmin edilib. Onlar işə başlamazdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xalçaçılıq və tikişçilik peşələri üzrə peşə hazırlığı kurslarına cəlb olunub və işləyəcəkləri peşələrin sirlərini öyrəniblər.
2017-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələri tərəfindən 6 965 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə, 9 636 nəfərə isə protez-ortopedik xidmətlər göstərilib, onlara ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 645 ədəd əlil arabası verilib.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxış və reabilitasiya imkanlarının genişlənməsində dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi mühüm rol oynayır. Cari ilin 1 oktyabr tarixinədək həmin mərkəzdə 1215 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul olunub.

 

Müasir, şəffaf xidmətlər şəbəkəsi

 

Dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarından biri də aztəminatlı ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb olunması yolu ilə onların dövlət yardımından asılılığının aradan qaldırılması, gəlir imkanlarının artırılmasıdır.
Prezidentin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, ilk dəfə olaraq ölkəmizdə dövlət səviyyəsində özünüməşğulluq proqramının həyata keçirilməsinə başlanılıb və müvafiq potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb edilmiş 1400 nəfərə yaxın şəxsdən artıq 1000 nəfərdən çoxu ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq fəaliyyətinə yiyələnmələri üçün aktivlərlə (mal və materiallarla) təmin edilib.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirib. Dövlət başçısı vurğulayıb ki, artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Bu ailələrə tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar.
Əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində müasir və şəffaf xidmətlər sisteminin yaradılması son illərdə aparılan islahatların əsas hədəfləri arasında olub. 2006-cı ilin əvvəlindən Azərbaycanda beynəlxalq standartlara cavab verən, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizm əsasında avtomatlaşdırılmış sığorta-pensiya sisteminin tətbiqinə başlanılıb. Həmin sistem əsasında Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı mexanizmi formalaşdırılıb. Bu sığorta-pensiya sisteminin ən mühüm cəhəti pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsidir ki, bu da dünyada ən ədalətli bir istiqamət kimi qəbul olunur.
2014-cü ilin iyul ayından istifadəyə verilən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək bazarına dövlət nəzarəti sahəsində idarəetmə mexanizminin müasir meyarlara uyğun, obyektiv və səmərəli təşkilinə, əmək bazarının dəqiq və əhatəli uçotunun aparılmasına, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, sosial sığorta və vergi daxilolmalarının artırılmasına, işçilərin əmək və sosial hüquqlarının formalaşması üçün mühüm əsasların yaradılmasına imkan verib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir ki, təkcə 2017-ci ilin sentyabr ayında bu e-xidmətlərə 520 205, yanvar-sentyabr aylarında isə 7 milyon 6 min 738 müraciətin qeydə alınması onlara nə qədər böyük sosial tələbin olduğunu göstərir.

 

Azərbaycan əmək bazarının səmərəliliyi üzrə dünyada 17-ci yerə yüksəlib

 

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq ölkəmizdə qurulmuş etibarlı sosial müdafiə sistemi səmərəliliyi, şəffaflığı və əhatəliliyi ilə səciyyəvidir. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyə malik olan, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi qiymətləndirib.
Eyni zamanda ölkəmizin əmək bazarında davamlı xarakter alan inkişaf meyilləri beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir. Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
Hazırda Azərbaycanın əmək və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya sahələrində avtomatlaşdırılmış sistemləri ayrı-ayrı ölkələr tərəfindən qabaqcıl təcrübə nümunələri kimi öyrənilir.
Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qeyd olunanlar Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial proqramların uğurla davam etdirilməsi, əmək və sosial müdafiə infrastrukturunun təkmilləşdirilməsi sahəsində qarşıdakı dövrdə də mühüm uğurların əldə olunacağına əsas yaradır. Çünki Azərbaycanda formalaşan əmək bazarının tənzimlənməsi və sosial müdafiə sistemi sürətlə dəyişən paradiqmalara uyğun şəkildə və müasir çağırışlara cavab verəcək formada təkmilləşdirilir və bu prosesin uğurla davam etdiriləcəyinə İlham Əliyevin sosial-iqtisadi siyasəti təminat verir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”