Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Göygöl fermerləri çuğundur istehsalında yüksək göstəricilərə nail olublar

13 Oktyabr 2017
 

Məlumdur ki, iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı qeyri-neft sektorunun tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən   ölkəmizdə bu sahənin sürətli inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən ən başlıcası iqtisadiyyatın şaxələndirilməsi strategiyasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər isə artıq öz müsbət nəticələrini verir.

Aqrar sahənin inkişafında böyük əhəmiyyəti olan əkin sahələrinin suvarma suyu ilə təminatı belə nəticələrin qazanılmasında əsas rol oynayır. Bu baxımdan respublikamızın qərb bölgəsi üçün böyük əhəmiyyət daşıyan Şəmkirçay dəryaçasının uzun illərdən bəri susuz qalmış boz çöllərə həyat verməsi xüsusi qeyd olunmalıdır.  Dəryaçadan çəkilən kanallar hesabına nəinki mövcud əkin yerlərinin, həmçinin təkcə Göygöl rayonu üzrə əlavə 4 min hektar ərazinin suvarılması təmin edilmişdir. Uzun illər suvarma suyu ilə təminatda əziyyət çəkən Göygöl rayonunun fermerləri artıq bu çətinliyi arxada qoymuşlar. Şəmkirçay anbarından gətirilən suyun hesabına suvarmanın köklü şəkildə yaxşılaşması yerli fermerləri öz əkin sahələrini genişləndirərək yeni, sənaye əhəmiyyətli texniki bitkilər əkməyə sövq etmişdir. Onlar indi iqtisadi cəhətdən səmərəli olan məhsulların yetişdirilməsinə daha çox maraq göstərirlər.

Belə məhsullardan biri də şəkər çuğundurudur. Artıq iki ildir ki, rayon sakinləri şəkər çuğunduru əkib becərməklə çoxlu qazanc əldə edirlər.      Məlum olduğu kimi, şəkər çuğunduru su sevən bitkidir. Əkindən tutmuş yığımınadək o, azı 8 dəfə suvarılmalıdır. Su problemi olmadığından fermerlər bütün aqrotexniki qulluğu və suvarmanı nəzərdə tutulduğu müddətdə yerinə yetirmiş və nəticədə sahələrdə bol məhsul yetişdirmişlər. Belə ki, keçən il rayonda 37 hektarda şəkər çuğunduru əkilmişdisə və bundan 561,5 ton məhsul əldə edilmişdisə, bu il əkin sahələrinin həcmi 598,5 hektara çatdırılmışdır.

Hazırda yığımın qızğın çağıdır. Bütün qüvvələr səfərbərliyə alınaraq yetişdirilmiş məhsulun vaxtında və itkisiz toplanmasına yönəldilmişdir. Yığımla məşğul olan 600 nəfərdən çox adam əməkhaqqını günün axırında elə sahədə alır. Ən vacib məsələ odur ki, fermerlər məhsullarını elə yerindəcə birbaşa müqavilə bağladıqları İmişli Şəkər Zavodunun nümayəndələrinə əlverişli qiymətə sata bilirlər.

Rayonda çuğundur əsasən pay torpaqlarında, eləcə də icarə və dövlət mülkiyyətində olan torpaqlarda yetişdirilır. Bağlanmış müqaviləyə əsasən, şəkər zavodu istehsalçıya bir hektar əkin üçün əvvəlcədən 961 manat kömək göstərir ki, bu məbləğ sonda məhsul zavoda təhvil verilərkən dəyərindən çıxılır. Bu həm istehsalçını, həm də alıcını razı salır.

Rayonda ən çox çuğundur əkən fermerlərdən biri Nadel kəndinin sakini Yaqub Qasımovdur. Keçən il 30 hektarda çuğundur yetişdirən fermer 70 ton məhsul götürərək xeyli qazanc əldə etmişdi. Bu işin qazancını görən fermer cari il  daha 30 hektar torpaq icarəyə götürərək çuğundur sahəsini 60 hektara çatdırmışdır. Hər hektardan 40 sentnerədək məhsul götürülür.

Yaqub Qasımov deyir ki, çuğundurun becərilməsində heç bir çətinlik yoxdur: “Keçən il çuğundur satışından əldə etdiyim qazanc məni daha da həvəsləndirdi. Bu il əkin sahəsini bir qədər də genişləndirdim. İndi məhsulun yığımı ilə məşğulam. Belə getsə, gələn il həmkəndlilərimdən icarəyə torpaq götürüb, daha çox çuğundur əkəcəyəm. Çünki çuğundür o qədər də zəhmət tələb edən bitki deyil. Sadəcə, bol su tələb edir. Su sarıdan isə korluq çəkmirik. Şəmkirçay dəryaçası istifadəyə verildikdən sonra əkin sahələrimizdə bütün növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yaranıb. Sadəcə olaraq, bir az işgüzarlıq tələb olunur”.

Nadel kəndinin digər sakini Xaliq Hüseynov da keçən il götürdüyü qazancdan razı qaldığından bu il çuğundur sahələrinin həcmini xeyli genişləndirmişdir. Məhsulun toplanmasında kənd sakinlərinin qüvvəsindən istifadə olunur. İndiyədək İmişli Şəkər Zavoduna 1567 ton şəkər çuğunduru təhvil verilmişdir. Hazırda rayonda çuğundur yığımı davam edir.

Rayon icra hakimiyyəti başçısının müavini İlqar Məmmədovun verdiyi məlumata görə, iki ildir göygöllülər çuğundur istehsalında yüksək göstəricilərə nail olurlar. Yaxşı qazanc fermerləri iqtisadi cəhətdən səmərəli olan bu texniki bitkinin istehsalını daha da artırmağa sövq etmişdir. Onlar gələn il çuğundur sahələrini 1000 hektara çatdırmağı qarşılarına məqsəd qoymuşlar.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”