Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub

13 Oktyabr 2017
 

Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilir

 

Oktyabrın 12-də Bakıda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans başlayıb.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, 20-dək ölkənin yüksək səviyyəli qonaqların, Milli Məclisin deputatlarının, ictimai təşkilatların, veteranların, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə İkinci Dünya müharibəsində, Əfqanıstan və Qarabağ müharibələrində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq konfransda Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində keçirilən konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu konfransın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə edilməsinə mühüm töhfələr verib.
Azərbaycandan 690 mindən çox insan müharibədə iştirak edib, onlardan 300 mindən çoxu həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə insan itkin düşüb. 123 nəfər ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın adı oğul və qızlarının şücaəti, on minlərlə həmvətənimizin orden və medallara layiq görülməsi ilə də tarixə yazılıb. Bu, Azərbaycan xalqının qəhrəmanlığının bariz nümunəsidir. Xalqımız həmin müharibədə beş milli diviziyası ilə yanaşı, bütün potensialı ilə iştirak edib. Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolu tarixi fakt kimi hamıya məlumdur. Bundan başqa, bütün Azərbaycan “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə işləyib və əsl fədakarlıq nümunələri göstərib.
Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub. Bu amala sadiq qalan Azərbaycan xalqı və dövləti bütün dünyada sülhün qorunmasında öz töhfəsini verir və gələcəkdə də buna hazırdır. Ancaq bu gün erməni faşizmi ilə qarşılaşmış, ərazisinin iyirmi faizi Ermənistanın işğalı altında olan Azərbaycana qarşı münasibətdə eyni prinsipə həmişə əməl edilmir. Konfransda belə bir əminlik ifadə olunub ki, mövzusu faşizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünkü beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcək.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan Azərbaycanın belə tədbirlərə evsahibliyi etməsini yüksək qiymətləndirərək deyib: “Bu beynəlxalq konfrans dövlət və ictimai xadimləri, veteran və gənclər təşkilatlarının nümayəndələrini bir məkanda toplayıb. Müzakirəyə çıxarılan mövzu çox aktual və mühümdür. Xüsusən ona görə ki, son illərdə saxtakarlar İkinci Dünya müharibəsinin tarixini yenidən yazmağa, Böyük Vətən müharibəsinin xarakterinə yenidən nəzər salmağa, faşizmin darmadağın edilməsində xalqlarımızın həlledici rolunu kiçiltməyə çalışırlar. Əminəm ki, bugünkü tədbir konstruktiv ruhda keçəcək, tarixi həqiqəti təhrif etmək cəhdlərinə qarşı mübarizəyə dair praktiki təkliflər hazırlamağa imkan verəcək, müasir mərhələdə dünyada və regionumuzda mürəkkəb qlobal prosesləri anlamağa şərait yaradacaq. Əlamətdar haldır ki, bu konfrans Bakıda - müharibə illərində cəbhəni yanacaqla təchiz edən şəhərdə keçirilir. Marşal Georgi Jukov deyirdi: “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin qorunması üçün düşmən üzərində tezliklə qələbə çalmaq üçün lazım olan miqdarda yanacaq verirdilər”.
Azərbaycanın cəbhəyə təkcə neft məhsulları göndərmədiyini, yeddi yüz mindən çox həmvətənimizin Böyük Vətən müharibəsi meydanlarında mərdliklə və fədakarlıqla döyüşdüyünü xatırladan Prezident Administrasiyasının rəsmisi deyib ki, onların təxminən yarısı geri qayıtmayıb. O vaxt Azərbaycan əhalisinin ümumi sayı cəmi üç milyon dörd yüz min nəfər idi. Bu o deməkdir ki, respublika sakinlərinin orta hesabla təxminən hər beş nəfərindən biri əlinə silah götürüb döyüşürdü.
Vətənin müdafiəçilərinə, müharibə iştirakçılarına və onların ailə üzvlərinə Azərbaycanda dərin hörmət bəslənilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Qələbə bayramı hər il rəsmi səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyev müharibə veteranlarını xalqımızın qızıl fondu hesab edirdi. Sevindirici haldır ki, veteranlara qayğı bu gün də Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikada müharibə iştirakçılarına sosial dəstək tədbirləri həyata keçirilir. Onlara Prezident təqaüdü verilir, veteranlar dövlət hesabına mənzil, avtomobil və bir sıra başqa güzəştlərlə təmin olunurlar. Prezident İlham Əliyevin sərəncamı ilə hər il Qələbə Günü ərəfəsində müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir.
Ə.Mehdiyev qeyd edib ki, 2015-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ən yüksək standartlara cavab verən yeni bina ilə təmin olunub. Bu təşkilatın maddi-texniki bazasını gücləndirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Bütün bunlar ömrünün ən yaxşı illərini faşizmə qarşı mübarizəyə həsr etmiş insanlara dövlətimizin qayğısının əyani təsdiqidir.
Prezident Administrasiyasının rəsmisi İkinci Dünya müharibəsi haqqında həqiqətlərin, ümumən tarixin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən, nasist ideologiyasının Ermənistanda dövlət səviyyəsində yayılmasından da danışıb.
Ə.Mehdiyev deyib ki, İkinci Dünya müharibəsinin başa çatmasından yetmiş ildən çox vaxt ötür. Lakin təəssüf ki, bu gün biz müasir saxtakarlar tərəfindən o dəhşətli müharibənin tarixini bilərəkdən və qəsdən təhrif etmək, ata-babalarımızın qəhrəmanlıqlarına qara yaxmaq, işğalçılar tərəfində vuruşmuş xəyanətkarlara və onların himayədarlarına haqq qazandırmaq cəhdlərinin şahidiyik.
O qeyd edib ki, iki il bundan əvvəl Rusiyanın təşəbbüsü ilə BMT Baş Məclisinin yetmişinci sessiyasında nasizmin və neonasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşı mübarizəyə həsr edilmiş qətnamə qəbul olunub. Bu sənədi 126 dövlət dəstəkləyib. “Təəccüb doğuran odur ki, bu ölkələr arasında Ermənistan da var. Halbuki onun ərazisində nasist ideologiyası dövlət səviyyəsində yayılır. Hazırda Ermənistanda hərbi canilərin qəhrəman kimi qələmə verilməsi prosesi gedir. Minlərlə günahsız insanı qətlə yetirmiş nasist rejiminin əlaltısı Qaregin Njdeyə bu ölkədə heykəl qoyulub. Yeri gəlmişkən, həmin heykəlin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Njde haqqında film çəkilib, kitab nəşr olunub. Onun şərəfinə gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmiş sikkələr zərb edilib. Bir sözlə, “SS” erməni legionunu yaradan adam milli qəhrəmana çevrilib” - deyə Ə.Mehdiyev qeyd edib.
Bu cür hərəkətlərin başqa ölkələrin veteranları və geniş ictimaiyyəti tərəfindən lazımınca pislənilməməsinin təəssüf hissi doğurduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib: “Belə laqeydlik ona gətirib çıxarıb ki, bu gün erməni faşizminin varisləri nasist ideologiyasını dirçəldərək bizi zorla müharibəyə cəlb ediblər. İyirmi beş ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Həm Ermənistanın özündə, həm də işğal edilmiş ərazilərimizdə etnik təmizləmələr nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Qeyd olunub ki, Ermənistanın millətçilik və işğalçılıq siyasəti təkcə regionun təhlükəsizliyinə təhdid yaratmır, həm də bütün dünyada ekstremizmə və şovinizmə qarşı mübarizəni çətinləşdirir. “Yalnız birlikdə informasiya-maarifçilik fəaliyyətini və təbliğat işini gücləndirməklə faşist ideologiyasının daşıyıcılarını ifşa etmək və müsbət dəyişikliklərə nail olmaq mümkündür. Bu məsələdə biz qəti və dəqiq mövqe tutmalıyıq” - deyə Ə.Mehdiyev vurğulayıb.
Sonra MDB dövlətləri Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Konozbeq Jusupbekov, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatı Rasim Musabəyov, “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının müxtəlif ölkələrdəki nümayəndəliklərinin rəhbərləri, İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti Alfred Qaponenko, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Qəhrəmanlar Assosiasiyasının üzvü Vladimir Alimov, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Voronej şəhər nümayəndəliyinin rəhbəri Valentina Şumlyanskaya, “Döyüşçü qardaşlığı” jurnalının baş direktoru Vladimir Oskin, sabiq neft emalı sənayesi naziri Kamil Akimov və digərləri çıxışlarında Azərbaycanın faşizm üzərində qələbənin əldə edilməsində mühüm töhfələrindən, o cümlədən Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolundan, tədbirin əhəmiyyətindən danışıblar. İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin tarixi rolunu qeyd edən natiqlər öz ölkələrində bu istiqamətdə görülən işlərdən danışıblar.
Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və general-leytenant Alfred Qaponenko yekun vurublar.
Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.