Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dinamik inkişafvə quruculuq məkanı

13 Oktyabr 2017
 

Prezidentin himayəsi və dəstəyi ilə Nərimanov rayonunda aparılan abadlıq-yenidənqurma prosesi Azərbaycanın yüksəlişinin əyani təzahürüdür

 

Cənab İlham Əliyevin 14-cü ili tamam olan prezidentlik missiyası Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünü yaşaması ilə səciyyəvidir. Bu zaman kəsiyi həm də respublikamızın dünyanın nüfuzlu ölkələri sırasına yüksəlməsi, Avrasiyanın enerji təhlükəsizliyinin əsas aktorlarından birinə çevrilməsi ilə yanaşı, ölkə miqyasında çoxşaxəli inkişaf, quruculuq prosesinin aparılması ilə əlamətdardır. Təsadüfi deyil ki, paytaxt Bakı müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğu kimi, rayonlarımız da öz quruculuq standartlarına görə üstün beynəlxalq səviyyəyə çatıblar.

 

Dövlət başçısı 87 dəfə Nərimanov rayonunda olub

 

Azərbaycan həm iqtisadi inkişaf baxımından ortaya mükəmməl nümunə qoyub, həm bölgənin liderinə, həm də beynəlxalq miqyasda söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Həyata keçirilən inkişaf kursu 2017-ci ilin ötən dövründə də ölkəmizin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da ötən dövrdə yüksək templə davam edib.
Ölkə Prezidenti İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr vermişdir. Son illər Nərimanov rayonunun geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da dövlət başçısı cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir.
Prezident İlham Əliyev 2003-cü ildən indiyədək 87 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuşdur. Cənab Prezident cari ilin 21 iyun tarixində Nərimanov Rayon Məhkəməsinin yeni inşa olunmuş inzibati binasının açılışını etmiş, Sentyabrın 7-də əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olmuş, sentyabr ayının 14-də isə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində iştirak etmişdir.
2017-ci ilin 9 ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, bu müddət ərzində xidmətlərdə daxil olmaqla 2 milyard 143,9 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artım əldə edilmişdir. İstehlakçılara 2 milyard 149,5 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104,6 faizi qədər sənaye məhsulu göndərilmişdir. Sənaye kompleksində işləyənlərin nominal əməkhaqqısı 15,2 faiz artaraq 603,7 manata çatmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində rayonda 5350 yeni iş yerləri açılmışdır. 9 ay ərzində 45,2 milyon manatlıq investisiya qoyulmuşdur ki, bunun da çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmişdir. Bu dövr ərzində 28,6 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmiş, keçən ilin müvafiq dövrünə nisbətən 82 faiz təşkil etmişdir. İqtisadiyyatın digər sahələri də xeyli inkişaf etmişdir. Belə ki, rabitə sahəsində 16,5 faiz, nəqliyyat sahəsində 26,2 faiz artım əldə edilmişdir.

 

Beynəlxalq tədbirlərin ünvanı

 

Prezident İlham Əliyevin fəaliyyətində qabarıq görünən məsələlərdən biri ölkənin bütün şəhər və rayonlarının sürətli inkişaf yoluna qədəm qoyması, həmçinin bu gün də yüksək zövqlə davam edən abadlıq və möhtəşəm quruculuq işləridir. Bu gün hansı şəhərə, hansı rayona, hansı qəsəbəyə, hətta kəndlərə belə, getsək, tərəqqinin şahidi olarıq. Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da ötən 14 ildə yüksək templə həyata keçirilib. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində indiyədək Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Bu mənada Azərbaycanın yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Nərimanov rayonudur.
Son 14 ilin real mənzərəsi Nərimanov rayonunun əsl tikinti meydanına çevrildiyini göstərir. Ümumiyyətlə, rayonun inkişafından danışarkən ilk növbədə qeyd etməliyik ki, bu yuksəlişə və qazanılan hər bir uğura Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə Nərimanov rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, möhtəşəm binaların tikintisinin təməli qoyulub və uğurla başa çatdırılıb. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, piyada keçidləri, parklar, inzibati binalar, bərpa olunan tarixi memarlıq abidələri rayonun simasını başdan ayağa dəyişib.
Heydər Əliyev prospektinin yenidən qurulması, burada istismar müddətini keçmiş 8 yaşayış binasının yerində müasir, milli memarlıq üslubunda 4 yeni yaşayış binasının inşası, o cümlədən Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Olimpiya stadionunun ətrafında aparılan abadlıq-quruculuq işləri, Azərbaycan Diplomatik Akademiyasının, Turizm və Menecment Universitetinin, İqtisad Universitetinin və Rəssamlıq Akademiyasının yeni korpusunun inşası, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri, çoxsaylı yeni yeraltı piyada keçidlərinin inşası, “Qələbə” meydanında və Heydər Əliyev prospektində yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması bütövlükdə Nərimanov rayonunun simasını dəyişmiş və daha da gözəlləşdirmişdir. Bütün bunlar rayonda görülən işlərin yalnız bir hissəsidir.
Özünün füsunkar gözəlliyi ilə dünyadakı möhtəşəm memarlıq əsərləri ilə bir sırada dayanan Heydər Əliyev Mərkəzi isə bütün Nərimanov sakinlərinin fəxr yeridir. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsinə və ideyalarının reallığa çevrilməsinə ən böyük töhfə olan dövlət başçısı cənab İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında inşa edilən Heydər Əliyev Mərkəzi nadir memarlıq abidəsi olmaqla bu gün Azərbaycanın yeni simvoludur. Heydər Əliyev Mərkəzi istifadəyə verildikdən sonra Nərimanov rayonu həm də beynəlxalq tədbirlər məkanına çevrilib.
İstifadəyə verildiyi gündən Heydər Əliyev Mərkəzində beynəlxalq və Respublika səviyyəli böyük tədbirlər keçirilir. Ötən ay “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimi də Heydər Əliyev Mərkəzində keçirildi.
Rayonun digər füsunkar quruculuq ünvanı Konqres Mərkəzidir. Mərkəzin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaratmışdır. Həm Heydər Əliyev Mərkəzinin, həm də Konqres Mərkəzinin ətrafında salınan parklar isə Nərimanov və bütövlükdə paytaxt sakinlərinin istifadəsinə verilmiş ən gözəl istirahət və əyləncə məkanlarıdır.
Nərimanov rayonunda görülən abadlıq-quruculuq işləri isə tək Bakının yox, bütün Azərbaycanın inkişaf rəmzinə çevrilib.

 

Birinci vitse-prezidentin böyük qayğısı

 

Bu dövrdə rayonda bir sıra mühüm, o cümlədən respublika əhəmiyyətli sosial layihələr də həyata keçirilmiş, yeni obyektlər inşa olunaraq əhalinin istifadəsinə verilmişdir. Diqqəti çəkən məqam odur ki, bu layihələrin böyük bir qismi Heydər Əliyev Fondunun, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.
Talassemiya Mərkəzi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksi, “Ankara məktəbi” liseyinin əlavə tədris korpusu, Akademik Zərifə Əliyeva adına uşaq bağçası, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu, Psixonevroloji uşaq evinin yeni korpusu, Bakı Sağlamlıq Mərkəzi Nərimanov rayonunda həyata keçirilən sosial layihələrin çoxşaxəli olduğunu göstərir.
Bu dövrdə Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika hospitalı, Psixonevroloji uşaq evi, 7 saylı yoluxucu uşaq xəstəxanası, 6, 14 saylı uşaq, 18 saylı şəhər poliklinikaları, Bakı Uşaq Bərpa Mərkəzi, 212 saylı tam orta məktəb, habelə bir sıra müəssisə və obyektlər əsaslı təmir olunaraq yenidən qurulmuşdur.
Ötən 14 ildə rayonda yaşıllıqların salınması və yenidən qurması işləri də diqqət mərkəzində olmuşdur. Dədə Qorqud parkı, Azadlıq prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsində, Vaqif prospektində, Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində, Azadlıq prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsində, K.Rəhimov küçəsi 3a ünvanda və Bakı Konqres Mərkəzinin qarşısında ən müasir yeni parklar, eləcə də Həsən Əliyev və A.M.Cümə küçələrinin kəsişməsində yeni yaşıllıq zolağı salınmış Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyev adına park yenidən qurulmuşdur.

“Pilot layihələr” rayonun simasını daha da gözəlləşdirir

 

Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli sərəncamı ilə beş il ərzində sözügedən rayonlarda 1094 yaşayış binasının (893 min kvadratmetr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılması və 49 min 614 nəfər sakinə daha çox yaşayış sahəsi və rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürülməsi nəzərdə tutulur. Həmin qərarın icrası birbaşa Azərbaycan Prezidentinin diqqətindədir. Bu mənada qarşıya qoyulan əsas məsələ şirkətlər tərəfindən tikinti işləri aparılarkən mütləq şəkildə şəhərsalma normalarına riayət olunmasıdır.
Nazirlər Kabinetinin qərarına əsasən, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır. Qərarın imzalanmasından dərhal sonra rayonda onun icrasından irəli gələn vəzifələrin həll edilməsi istiqamətində işlərə başlanılmışdır. Belə ki, rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılmışdır. Tikinti sahəsində çalışan iş adamları və sahibkarlarla keçirilən görüşlərdə onları maraqlandıran bütün məsələlər müzakirə olunmuş, konkret təkliflər irəli sürülmüşdür.
Nazirlər Kabinetinin müvafiq sərəncamından sonra 40-a yaxın tikinti şirkəti Nərimanov rayonu ərazisində istismar müddətini başa vurmuş, qəzalı, şəhərin müasir görüntüsü ilə uzlaşmayan evlərin tikintisi üçün müraciət edib. Artıq 22 sahibkar tərəfindən ümumi sahəsi 82197 kv.m olan 1787 mənzildən sakinlərin köçürülməsi və onlarla müqavilələr bağlanması başa çatdırılmışdır. Sakinlər həyata keçirilən bu mühüm dövlət layihəsini dəstəkləyir, onların mənzil kommunal şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıran bu tədbirləri böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümumilikdə 9 ünvanda tikinti işlərinə başlanılmışdır. 13 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrədir. 5 ünvanda isə sənədləşdirmə işləri davam etdirilir. Hazırda digər ünvanlarda da həmin işlərin həyata keçirilməsi məqsədilə tikinti şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər keçirilməkdədir.
Bunlar göstərir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, ən çox belə layihə hazırda Nərimanov rayonunda həyata keçirilir. Xatırladaq ki, Bakı şəhərində tikintinin kütləviləşdiyi 6-7 il öncəki dövrdə Nərimanov rayonunda orta hesabla il ərzində 8-10 bina inşa edilib. Hansı ki, onların əksəriyyəti birbloklu olub. Hazırda həyata keçirilən “pilot layihələr” üzrə isə inşa edilən binalar azı ikiblokludur. Ümumilikdə, layihələr üzrə blokların sayı 100-dən çoxdur.
2018, 2019 və 2020-ci illərdə sakinlər tam kommunal şəraitli, təmirli mənzillə təmin olunmaqla bu vacib dövlət tədbirinin nəticələrindən bəhrələnəcəklər.

 

Rusiyanın Həştərxan vilayəti ilə əlaqələr daha da möhkəmlənib

 

Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında iqtisadi-siyasi və mədəni sahədə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. İndiyədək Prezident İlham Əliyevin göstəriş və tapşırığı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan şəhərində sosial sahəyə xeyli investisiya cəlb edən genişmiqyaslı layihələr həyata keçirilib. Bunlardan biri Həştərxan şəhərinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işlərinin aparılmasıdır. Parkda ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub.
Rusiya-Azərbaycan dostluq körpüsünün inşası, Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin salınması, müqəddəs Knyaz Vladimirin məbədi önündə Knyaz Vladimirin abidəsinin qoyulması, uşaq bağçasının inşası da bu əməkdaşlığın nümunələridir.
Bu layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri var. Leyla Əliyeva Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır, Azərbaycan-Rusiya münasibətlərinin genişlənməsinə böyük töhfələr verir.
Uğurlu əməkdaşlığın nəticəsi olaraq Həştərxan şəhəri ilə Bakının Nərimanov rayonu qardaşlaşıb. Təsadüfi deyil ki, Bakı və Rusiyanın Həştərxan şəhərinin dostluğuna həsr olunmuş park da Nərimanov rayonu ərazisində salınıb. Bu parkda ucaldılan “Bakı və Həştərxan dostluğu” abidəsi isə dostluğun və qardaşlığın rəmzinə çevrilib.
Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan şəhərində çoxfunksiyalı Azərbaycan İşgüzar Mərkəzi inşa olunur. Bu layihənin həyata keçirilməsi respublikamızda istehsal olunan məhsulların sərgisinin və satışının təşkil edilməsi üçün geniş imkanlar açacaq.
Rusiya Federasiyasının Həştərxan vilayətində görülən böyük işlərdə göstərdiyi səy və fəallığa görə, bu günlərdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla “Dostluq” ordeni ilə təltif olunub. Bu orden Abdin Fərzəliyevin timsalında Nərimanov rayonuna verilən yüksək mükafatdır. Sentyabr ayının 28-də isə VIII Rusiya-Azərbaycan Regionlararası Forumda Həştərxan vilayətinin hökuməti və Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Abdin Fərzəliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu günlərdə Həştərxan şəhərində Həştərxan quberniyasının 300 illik yubileyinə həsr olunmuş yekun tədbirlərdə iştirak edib. Səfər zamanı Heydər Əliyev Fondu tərəfindən Həştərxanda ucaldılmış Knyaz Vladimirin heykəli ətrafında salınmış parkın ikinci hissəsinin açılışı olub. Parkda 2 min kv.m ərazi abadlaşdırılmış, üzlük daşları düzülmüş, 200-dən çox ağac və gül kolları əkilmiş, ot örtüyü salınmışdır.
Təbii ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz. İnkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda mühüm və ciddi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi, Prezident İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi üçün rayon rəhbərliyi və ictimaiyyəti bundan sonra da böyük əzm göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”