Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həqiqi hərbi xidmətə gedən gənclər Vətənə sədaqət andı içdilər

13 Oktyabr 2017
 

Sərhəd bölgəsində yerləşən Ağstafada gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, hər il onlarla gənc orta məktəbi bitirdikdən sonra hərbi məktəblərə daxil olur, torpaqlarımızın müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarında böyük həvəslə xidmət edirlər. Gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimləri isə bayram əhval-ruhiyyəsi ilə keçirilir.

Növbəti yolasalma mərasimi gənclərin və onların valideynlərinin böyük coşqusu ilə keçirilmişdir. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş mərasimdə əvvəlcə iştirakçılar müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuş, sonra mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həqiqi hərbi xidmətə yola düşən gəncləri, onların valideynlərini və doğmalarını təbrik edərək dövlətimizin və xalqımızın onlara bəslənən ümidlərini layiqincə doğruldacaqlarına, Vətənə şərəflə xidmət edəcəklərinə əminliyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz artıq Qafqazın ən qüdrətli nizami ordusuna çevrilmişdir. Hərbi hissələrin maddi-texniki bazası gücləndirilmiş, şəxsi heyətin peşəkarlığı, döyüş qabiliyyəti daha da artmışdır. İndi cəsarətlə demək olar ki, Azərbaycan Ordusu  düşmənə hər an zərbə vuraraq işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.

Mərasimdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların, əsgər və zabitlərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışılmışdır.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəis müavini Füzuli Əliyev, şəhid atası Yaqub İsmayılov, rayon ağsaqqalları adından Misir Həsənov, valideyn Kamal Yusifov çıxış edərək hərbi xidmətə yola düşən gənclərə ordu sıralarında ləyaqətlə xidmət etməyi, komandirlərin bütün əmrlərini sözsüz yerinə yetirməyi, hərbin sirlərinə mükəmməl yiyələnməklə vətəni göz bəbəyi kimi qorumağı tövsiyə etmişlər.

Çağırışçılar adından çıxış edən Tofiq Paşşanov demişdir ki, hərbi xidmətə getmək onun uşaqlıq istəyi olub və bu gün arzusuna çatdığı üçün özünü xoşbəxt hesab edir. Rayon ağsaqqallarının ona və çağırışçı yoldaşlarına verdikləri tövsiyələrə can-başla əməl edəcəklərinə söz vermişdir.

Rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışından sonra gənclər üçrəngli Azərbaycan bayrağını öpərək müqəddəs Qurani-Kərimin altından keçmişlər. Onlar rayon rəhbərliyi və doğmaları ilə birlikdə xatirə şəkli çəkdirdikdən sonra xüsusi avrobuslarla hərbi hissələrə yola düşmüşlər.

 

S.ƏLİYEV,

“Azərbaycan”