Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pambıqçılar dövlətin dəstəyindən ruhlanıblar

13 Oktyabr 2017
 

Təsərrüfatlarda pambıq yığımı davam edir. Zərdabın Əlvənd kəndində pambıqçı Sürəyya Mirəliyeva ilə iş üstündə görüşdük. Əslində vaxtı-vədəsi yox idi. Özü demişkən, ötən hər günün dəyəri var. Elə ki məhsulu vaxtında toplamadın, çəkdiyin zəhmət hədər gedəcək.

Bu il havalar pambıqçılar üçün o qədər də əlverişli olmadı. Payız sərt üzünü tez göstərdi. Amma işgüzar adamlar havaların şıltaqlığına da qalib gələ bilir. Pambıq yığımı başlayandan bəri vaxt itirmədən xeyli məhsul toplanıb. Sürəyya Mirəliyeva deyir: “Hər gün ən azı 120-130 kiloqram pambıq toplayıram. Heç bunu da son hədd saymıram. Açığını deyim ki, bu işdə övladlarım, həyat yoldaşım Telman mənə kömək edirlər. Bunun nəticəsidir ki, ötən illə müqayisədə məhsuldarlıq xeyli artıb. Müqavilə şərtlərinə əsasən, bizim əməyimizə də yüksək qiymət verilir. Pambığın hər kiloqramının satış qiyməti xeyli artıb. Yaxşı xatırlayıram, sovet dövründə pambıq yığımına böyükdən kiçiyə hamı cəlb olunsa da, çəkdiyimiz zəhməti qədərincə qiymətləndirmirdilər. Pambığın hər kiloqramını çox ucuz qiymətə satmalı olurduq”.

Sürəyya xanım deyir ki, bu günü o illərlə müqayisə etmək istəmirəm. Fərq böyükdür. İndi nəzarətçi də özünsən, son nəticəyə cavabdeh də. Belə olanda məsuliyyət hər kəsin öz üzərinə düşür. Təcrübəli pambıqçı ötən illəri xatırlayanda hər addımbaşı böyük fərq görür. Sovet dövründə pambıqçıların bir ənənəsi vardı: sosializm yarışı keçirilərdi. Bizim yarış dostlarımız adətən Orta Asiya respublikalarından olardı. Düz 30 il əvvəl tanış olduğum özbək pambıqçısı Züleyxa Süleymanova ilə bu gün də əlaqə saxlayıram. O illərdə görüşlərimizi də özümüz müəyyənləşdirməzdik. Bu, sosializm yarışının şərtləri çərçivəsində planlaşdırılardı. Açığını deyim ki, bəzən belə planlı görüşlər bizim özümüzü də bezdirərdi. Nə yaxşı ki, bu gün o ənənəni özümüz istədiyimiz kimi davam etdiririk. Tez-tez görüşməsək də, əlaqələrimiz səngimir. Bir-birimizin xeyir-şərində də iştirak edirik. Ötən il Züleyxa xanım 60 illik yubileyini keçirirdi. Mən də Özbəkistana getmişdim. Azərbaycandan kiçik bir hədiyyə də aparmışdım. Bu gün bizim dostluq görüşlərimiz sovet dövründəkindən çox fərqlənir. Ailə-məişət qayğılarımızdan da danışırıq, şəxsi planlarımızdan da, gələcək arzularımızdan da... Belə görüşlərə nəzarət olmur, hər şeyi özümüz tənzimləyirik.

Sürəyya Mirəliyeva bu gün pambıqçılara dəyişən münasibətdən də danışdı. Dedi ki, biz çoxşaxəli təsərrüfata üstünlük veririk. Əgər pambıqçılıq özünü doğrultmursa, əməyimizin dəyəri qədərincə qiymətləndirilmirsə, dərhal əkinçiliyin başqa sahəsinə üstünlük veririk. Meyvə-tərəvəz də yetişdiririk, bostan bitkiləri də... Belə olanda əkinçinin gileylənməyə haqqı olmur. Bir qayda olaraq gəlirli sahəyə üstünlük veririk. Açığını deyim ki, mənim pambıqçılıqda daha çox səriştəm var. Düz 30 ildən çoxdur ki, pambıq əkini ilə məşğul oluram. Bu təsərrüfat sahəsindən az gəlir götürmürəm. Ailəmizin böyük ehtiyacları bu hesaba ödənilir. Ötən il hər hektarın məhsuldarlığı 25-28 sentneri ötmədi. Amma bu il becərmə işlərinin vaxtında görülməsi, pambıq əkdiyimiz sahələrin düzgün gübrələnməsi məhsuldarlığın xeyli yüksəlməsinə kömək edir. Nəzərdə tutmuşuq ki, yığımın sonuna qədər hər hektardan ən azı 30-32 sentner məhsul götürək. Bunun üçün  imkan və şərait var. Doğrusu, son nəticə özümüzdən asılıdır.

Bu gün pambıqçılıq sərt idarəetmənin, yersiz amirliyin məngənəsindən qurtarır. Təsərrüfatı pambıqçılar özü idarə edir. Pambıq emalı zavodu ilə vaxtında müqavilə bağlanır. Satış qiyməti də tərəflərin razılığı ilə düzgün tənzimlənir. Pambıqçı bilir ki, hər hektarın məhsuldarlığından nə qədər xeyir götürəcək. Belə olanda yüksək nəticəyə inam da artır.

Son illər ölkəmizdə iqtisadiyyatı çoxşaxəli təməl üzərində inkişaf etdirmək üçün faydalı işlər görülür. Pambıqçılıqda nəzərə çarpan geriləməni aradan qaldırmaq istiqamətində ciddi dönüş yaranıb. Prezident İlham Əliyev son çıxışlarında pambıqçılığın dinamik inkişafı üçün dəyərli tövsiyələr verib. Dəfələrlə deyib ki, gərək pambıqçılara çəkdikləri zəhmətin müqabilində dəyər verilsin. Pambıqçılıq təsərrüfatında çalışanlara güzəştli subsidiyaların ayrılması artırılsın. Yığılan pambığın hər kiloqramı dəyərinə uyğun qiymətə satılsın. Əlbəttə, belə olanda bu sahəyə meyil və maraq xeyli artır. Ən maraqlısı odur ki, pambıqçı ilin əvvəlindən gəlirini-çıxarını hesablaya bilir. Pambıq emalı zavodu ilə müstəqil müqavilələr bağlanır, şərtlər müəyyənləşir, müstəqil işləmək vərdişləri son nəticəyə də təsir edir. Elə təcrübəli pambıqçı Sürəyya Mirəliyeva da belə iş üsulunu, düzgün bölgünü yüksək qiymətləndirir. Deyir ki, görəcəyimiz işi özümüz planlaşdıranda heç kəsdən asılı olmuruq. İnanırıq ki, əkdiyimiz pambığı son qozasına qədər toplamaq imkanlarımız olacaq. Doğrudur, havalar bir qədər sərtləşib, amma işimiz öz axarı ilə davam edir. Artıq pambıq yığımında son mərhələ başlayıb. Biz yetişdirdiyimiz məhsulu itkisiz toplamaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Sürəyya xanımın belə inamlı vədinə biz də ürəkdən inanırıq. İnanırıq ki, min bir zəhmətlə ərsəyə gələn məhsul son həddə qədər itkisiz yığılacaq...

 

Bəşir ŞƏRİFLİ,

“Azərbaycan”