Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezidentin tapşırığı uğurla icra olunur

13 Oktyabr 2017
 

Daşkəsəndə baş vermiş təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması üçün dövlət başçısı göstəriş verib

 

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin qarşıda duran vəzifələrlə bağlı nitqindən irəli gələn məsələlərlə əlaqədar olaraq Daşkəsən rayonunda sosial-iqtisadi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə rayon icra hakimiyyətində qərargah yaradılıb, bir çox işlər görülməyə başlanılıb.

Qeyd edək ki, cəbhə bölgəsində yerləşən, strateji əhəmiyyətli Daşkəsən rayonunun mürəkkəb coğrafi relyefi, soyuq, sərt iqlim şəraiti olduğu üçün son günlər rayon ərazisində baş vermiş intensiv dolu, leysan yağışları, dağlara yağan qar və külək ilə müşayiət olunan əlverişsiz hava şəraiti şəhərin sosial infrastrukturuna ziyan vurub.

Son günlər baş verən təbii fəlakət nəticəsində sel suları şəhərdəki sututucu, ötürücü quyuları, kanalları yararsız hala salıb, şəhərin yolları, yol kənarı istinad divarlarının bir çox hissələri uçaraq dağılıb, beton bardürlərin, səkilərin tomet üzlük daşları, yaşayış binalarının fasadları, ümumiyyətlə, şəhərin infrastrukturu bərbad vəziyyətə düşərək, şəhər sakinlərinin yaşayış şəraitini çətinləşdirib.

Prezident İlham Əliyev təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün xüsusi göstəriş verib. Hazırkı vəziyyətlə bağlı rayon icra hakimiyyəti öz daxili imkanları hesabına şəhərdə abadlıq-quruculuq və ən əsası, şəhərin dağılmış yollarının yeni asfalt örtüyü salınmaqla təmir-bərpa işlərini həyata keçirir.

Oktyabrın 12-də əlverişsiz hava şəraitinin olmasına, yağışın yağmasına baxmayaraq, maşın-mexanizmlər vasitəsi ilə çətinliklə də olsa, şəhərin küçələrində yeni asfalt örtüyünün salınmasına başlanılıb. Asfaltlanma, o cümlədən təbii fəlakət nəticəsində şəhərin ərazisinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri böyük ruh yüksəkliyi ilə davam etdirilir, qışa hazırlıq işləri görülür. 2018-ci ilin mart ayında Daşkəsən şəhərinin salınmasının 70 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərin təntənəli, yüksək səviyyədə təşkil edilməsinə də hazırlıq işləri aparılır.

Ölkəmizdə uğurlu islahatların aparılması, xüsusilə avtomobil yollarının çəkilişinə bu gün Daşkəsən şəhərində yolların təmir-bərpasının özü də bir nümunədir.

Azərbaycanın hər bir bölgəsi kimi, Daşkəsən şəhərinin də inkişafına daim diqqət və qayğı göstərən, dəyərli tövsiyələrini verən Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən abadlıq-quruculuq işləri uğurla yerinə yetirilir. Azərbaycan Prezidentinin bu diqqət və qayğısı rayon ictimaiyyəti tərəfindən xüsusi minnətdarlıqla qarşılanır.

 

“Azərbaycan”