Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Şurasında ölkələrin ərazi bütövlüyünün pozulmasına yönələn cəhdlər pislənilib

12 Oktyabr 2017
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının təcili müzakirələr gündəliyinə salınmış “Kataloniyadakı böhranın siyasi yolla həlli ehtiyacı” adlı məruzə İspaniyadan olan deputatlarla yanaşı, oxşar problemləri yaşayan ölkələri təmsil edən deputatların da ciddi müzakirə obyektinə çevrilib. Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkələrin ərazi bütövlüyünün pozulmasına yönələn istənilən cəhdin ciddi faciələrə apardığını vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, dünyanın siyasi xəritəsində dəyişiklik etmək cəhdi yatmış vulkanı oyatmaq kimidir. Hər belə cəhdin ardınca istər-istəməz faciələr gəlir. İspaniyada cərəyan edən hadisələr tələb edir ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları təxirə salmadan proseslərə müdaxilə etsinlər, böyük itkilərin, faciələrin qarşısını almaq üçün tədbirlər görsünlər.

R.Hüseynov deyib: “Belə hallarda vaxtında müdaxilə etməməyin, gözləmə mövqeyi tutmağın acı nəticələrə gətirib çıxaracağının qaçılmaz olduğuna isə biz uzaq və yaxın tariximizdən bələdik. Kataloniya müstəqillik istəyir. Müstəqil Kürdüstan dövləti qurmaq istiqamətində qorxulu fəaliyyətlər müşahidə edilir. Zahirən sanki bu kataloniyalıların, kürdlərin və ya başqa bir xalqın ayrılmaq, müstəqil olmaq, öz dövlətini yaratmaq kimi guya sırf öz istəyi, öz təşəbbüsü kimi görünsə də, hər dəfə belə məkrlərin arxasında bu cür ocaqları gizlicə alışdıran böyük qüvvələrin qara əllərini təsəvvür etməliyik. Parçalayaraq, münaqişələr yaradaraq, ölkələri, xalqları bir-birinə qarşı qoyaraq qlobal maraqlarını daha artıq təmin etmək istəyən güclərin hər dəfə belə hallarda pərdə arxasında dayanaraq hiyləgərcəsinə öz dirijor çubuqlarını yellədiyini unutmamalıyıq”.

İspaniyada cərəyan edən son hadisələrin, Kataloniyanın ayrılmaq təşəbbüslərinin mahiyyətcə birbaşa separatizm təzahürü olduğunu vurğulayan Rafael Hüseynov Azərbaycanın nümunəsində, Dağlıq Qarabağda törədilmiş bu qəbil ayrılma cəhdlərinin hansı qanlı nəticələrə gətirib çıxardığını assambleya üzvlərinin diqqətinə çatdırıb.

Keçən əsrin 90-cı illərində xarici qüvvələrin təhriki və diktəsi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan separatçı hərəkatdan söz açan deputat Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən və Ermənistandan dərin iqtisadi tənəzzül, mənəvi depressiya, ümidsizlik ucbatından əhalinin kütləvi axınının başladığını bildirib.

Belə arzuolunmaz hadisələrin baş verməsinin əsas səbəblərindən birinin daha əvvəl olmuş oxşar cəhdlərə beynəlxalq təşkilatların, böyük dövlətlərin zamanında lazımi reaksiya verməməsi olduğunu diqqətə çatdıran Rafael Hüseynov vaxtında qarşısı alınmayan separatizmin zəncirvari reaksiya ilə artmaq təhlükəsi yaratdığını qeyd edib.

O deyib: “Azərbaycanın separatizm bəlası ilə üzləşdiyi ilk vaxtlardan dünyaya səsləndik, böyük dövlətlərdən, beynəlxalq təşkilatlardan, o cümlədən Avropa Şurasından kömək istədik. “Susmayın, biganəlik göstərməyin, hərəkətə keçin” dedik. Çünki susdurulmayan, əksinə, şirnikləndirilən separatizmin çox təhlükəli örnək olduğunu, bu qığılcımın asanlıqla başqa ölkələrə də sıçrayaraq oxşar tonqallar yandıra biləcəyinə köhnə tarixi dərslərdən bələd idik. Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi dövlət terrorizminə, Dağlıq Qarabağdakı aqressiv separatizmə Avropa və dünya siyasətini idarə edən güclərin süst, qətiyyətsiz, qeyri-obyektiv, beynəlxalq hüquqa uyğun olmayan münasibəti dəhşətli nəticələr verdi. Pis nümunənin qarşısı alınmadı və separatizm, onun yanında da terrorizm asta-asta Avropa və dünya boyu irəliləməyə başladı”.

R.Hüseynov qeyd edib ki, bu gün Kataloniya da bir vaxt əkilmiş həmin zəhərli toxumun arzuolunmaz bəhrələrindəndir. O, böyük dövlətlərin bu son dərəcə qorxulu prosesin qarşısını almaq əvəzinə, gözləmə mövqeyi tutmasından, tərəddüd etməsindən, qəti və yekdil mövqe ortaya qoymamasından narahatlığını ifadə edib. Bildirib ki, böyük dövlətlərin belə mövqeyi İspaniyada, həm də digər ölkələrdə oxşar fəlakətlərə münbit zəmin yaradacaq. Separatizmin qarşısını beynəlxalq birliyin müştərək səyləri ilə almaq olar.

“Kataloniyanı, İspaniyanı xaosdan, törənə biləcək yeni dəhşətlərdən xilas etmək, sabah Avropanı və dünyanı bu hadisələrin dalğası ilə yaranması labüd olan yeni separatizm vulkanlarının püskürməsindən qorumaq üçün kardinal tədbirlər görməliyik”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Qeyd edək ki, separatizmin pisləndiyi, dövlətlərin ərazi bütövlüyünün müdafiə edildiyi bu iclasa Ermənistan nümayəndə heyətinin heç bir üzvü qatılmamışdı.

 

AZƏRTAC