Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin ilkin nəticələri açıqlanıb

12 Oktyabr 2017
 

Sentyabrın 19-dan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlər keçirməyə başlayır.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, indiyə qədər Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ümumilikdə 9 səyyar monitorinq həyata keçirib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı səyyar monitorinq aparılıb.

Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə həmin dövrdə yoxlanılan işçilərin 27 faizində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar olunub.

Monitorinq nəticəsində aşkar edilmiş faktlar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa yönləndirilib.

Səyyar monitorinq zamanı çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan hüquqi və fiziki şəxslərə maarifləndirmə ilə bağlı broşurlar, həmçinin Əmək Məcəlləsi ilə bağlı bələdçi sənəd, əmək müqaviləsi və ya xidməti (mülki) müqavilələrin üstünlükləri, tətbiq oluna biləcək cərimələr, Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı bələdçi sənəd, o cümlədən sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı normativ sənədlər və digər məlumatlar CD disklərdə təqdim olunur.

Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin bu il aprelin 28-də imzaladığı “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərin icrası ilə əlaqədar həyata keçirilir.

Dövlət Agentliyi tərəfindən tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması və işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması üçün “Analitik Monitorinq Sistemi” yaradılıb. Hazırda həmin sistemin proqram təminatı hazırlanıb, ayrı-ayrı dövlət qurumlarının – Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya işləri tamamlanıb.

Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı məlumatlar təhlil edilir və şübhə yarandığı halda Mərkəzin səyyar monitorinq qrupu inşaat obyektlərində monitorinqlər aparır.

Monitorinqlər davam edir və onun nəticələri mütəmadi olaraq açıqlanacaqdır.