Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Binəqədi rayonunda məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb

12 Oktyabr 2017
 

Oktyabrın 12-də Binəqədi rayonundakı “Şəfəq” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə püşkatma keçirilib.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması ilə bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yaxşı göstəriciləri sırasındadır. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi dövlətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının yüksək səviyyədə olmasından xəbər verir.

“Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Həmçinin bütün regionlarda qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır”–, deyə Gəray Fərhadov məlumat verib. O, həmçinin qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin bir qisminə Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni qəsəbənin təməlqoyma mərasimlərində və oktyabrın 5-də Masazır və Ramana qəsəbələrində yeni tikilmiş binaların açılışında iştirakı qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.

Sonra püşkatma mərasimi keçirilib. Şuşa, Ağdam və Laçın rayonlarından olan məcburi köçkün ailələri növbə ilə püşk çəkərək yeni mənzillərə sahib olublar.

Püşkatma mərasimindən sonra təəssüratlarını AZƏRTAC-la bölüşən məcburi köçkünlər Əhmədova Zərifə, Allahverdiyeva Məlahət, Novruzov Mehman və Şükürova Gülcamal onlara göstərilən xüsusi dövlət qayğısından danışıblar. Bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən tənzimlənməsindən söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Binəqədi rayonunda məskunlaşdığımız köhnə pansionat binasından yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün əsl bayramdır. Bu bayramı bizə bəxş etdikləri üçün, yaşadığımız ağır şəraitdən bizi qurtardığına, bizə gözəl şəraitli mənzillər verdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərindən minnətdarıq”, – deyə həmsöhbətlərimiz əlavə ediblər.