Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kaliforniya od içində: yanğın qurbanlarının sayı 23 nəfərə yüksəlib

12 Oktyabr 2017
ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb, xəsarət alan 100-dən çox insan isə xəstəxanalara yerləşdirilib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yanğın qurbanlarının sayının artacağı istisna olunmur. Belə ki, təxminən 550 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Alov 3500-dən çox binanı, o cümlədən Napa dərəsindəki 13 şərab təsərrüfatını məhv edib.

Hazırda Kaliforniyanın 8 dairəsində fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir. Güclü külək 22 yanğın ocağında alovla mübarizə aparan yanğınsöndürənlərin işini çətinləşdirir.

Meşə yanğınlarının səbəblərinin müəyyən edilməsi üzrə təhqiqat başlayıb. Hökumət alovun yayılmasına küləyin aşırdığı elektrik xətlərinin səbəb olduğunu güman edir.

Qubernator Cerri Braun ABŞ Prezidenti Donald Trampdan ştatın şimalının böyük təbii fəlakət zonası elan olunmasını xahiş edib.