Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvanlı gənclər hərbi xidmətə yollanıblar

12 Oktyabr 2017
 

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, muxtar respublikanın ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev əlamətdar gün münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Çıxış edən bildiriblər ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlər əsgərlərimizin mənəvi-psixoloji hazırlığına, onların döyüş ruhunun yüksəldilməsinə imkan verib. Eyni zamanda, ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradır.

Valideyn Səfər Tağıyev övladının hərbi xidmətə yola salınmasından qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.

Çağırışçılar adından çıxış edən Mətləb Mustafayev Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, bu gün Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişafı Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərir.

Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə onların başını uca edəcəklər.

Sonda naxçıvanlı gənclər hərbi xidmətə yollanıblar.