Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 53 nəfər saxlanılıb

12 Oktyabr 2017
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb. Onların 19-u Azərbaycan, 9-u Özbəkistan, 2-si Rusiya, 16-sı İran, ikisi Tacikistan, 1-i Əfqanıstan, biri Cənubi Afrika Respublikası, biri Suriya, 1-i Misir, 1-i Konqo vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən 998 halda 1118 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 445 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 kiloqram 747,1 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlərlə ümumi dəyəri təqribən 1 milyon 851 min manat olan qaçaqmal, o cümlədən 1 pnevmatik tapança, 2 siqnal tapançası, 2 mina , 18 min 40 ABŞ dolları, 2 milyon rus rublu, 6 milyon İran tüməni, 6 kiloqram mis, 5092 qutu pirotexniki vasitə, 4877 qutu siqaret, 292 mobil telefon, 2476 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.