Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sahibə Qafarova: Azərbaycan möhkəm demokratik əsaslara malik müstəqil dövlətdir

12 Oktyabr 2017
AŞPA-da ölkəmizlə bağlı səsə qoyulan “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələrlə bağlı təşkilatdakı nümayəndə heyətimizin üzvü, qurumun miqrantlar, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova yazılı bəyanat yayıb.

Bəyanatda deputat Sahibə Qafarova Azərbaycanın möhkəm demokratik əsaslara malik müstəqil dövlət olduğunu vurğulayıb.

Bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması, demokratik təsisatların və institutların səmərəli fəaliyyətinin təşkil olunması istiqamətində lazımı şərait yaradılıb.

S.Qafarova Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunmasından, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından söz açıb.

Qeyd edib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar.

Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətinə və inkişafına da dövlət diqqət göstərir. Prezidentin Sərəncamına əsasən qəbul edilən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" bu istiqamətdə dövlətin siyasətinin əhəmiyyətini və niyyətini açıq şəkildə göstərir. Həmçinin Konsepsiyaya əsasən yaradılan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da ölkədə medianın inkişafına böyük dəstək verir.

Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə internetdən istifadə olunur.

Vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin olunur və bununla bağlı çox mütərəqqi qanun qəbul olunub. Azərbaycan Milli Məclisində ölkənin siyasi 12 partiyası təmsil olunur ki, bu da parlamentin daha effektiv fəaliyyətinin təşkilində önəmli rol oynayır. Eyni zamanda, Azərbaycanda digər müxalifət partiyalarının da fəaliyyətini həyata keçirməsi üçün rəsmi orqanlar tərəfindən hər cür şərait yaradılıb. Ötən bazar bir qisim müxalifət partiyaları şəhərin mərkəzi rayonlarından birində, metro stansiyasının yaxınlığında müvafiq icra strukturu ilə razılaşdırılmış mitinq təşkil edib.

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox möhkəm hüquqi baza mövcuddur. Azərbaycan qanunvericiliyi tamamilə Avropada mövcud olan qanunlara uyğunlaşdırılıb, qanunların icra mexanizmləri təkmilləşdirilib.

Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin inkişafına dövlət tərəfindən ciddi dəstək göstərilir.

Bütün bunlar isə bir daha Azərbaycanda demokratik təsisatların geniş və səmərəli fəaliyyəti üçün dövlət tərəfindən bütün addımların atıldığını və Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir. Bu, Azərbaycan dövləti və xalqı üçün hansısa beynəlxalq təşkilat qarşısında bir öhdəlik, borc deyil. Bu, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, şüurlu seçimimizdir.

Ermənistan nümayəndə heyətinə demək istərdim ki, populist çıxışlarına son qoysunlar, özlərini Azərbaycanda hüquq müdafiəçiləri kimi göstərməsinlər. İnsan hüququ ilə maraqlanırlarsa, onda 1 milyondan çox azərbaycanlının - qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını təmin etsinlər.

 

AZƏRTAC