Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi inkişafın Azərbaycan nümunəsi

12 Oktyabr 2017
 

İlham Əliyevin milli inkişaf strategiyası ölkəmizi bütün böhranlardan qoruyur və yeni yüksəliş mərhələsinin əsasını təşkil edir

 

Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzən hətta tənəzzül və iflas həddinə çatmış, böyük faciələrin astanasından geri dönmüşlər.
Bu fikri zəngin dövlətçilik ənənələrinə, qədim tarixə malik Azərbaycan haqqında da söyləmək olar. Müstəqilliyinin bərpasının 26-cı ilini qeyd edən Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə qazanılmış suverenliyini itirmək təhlükəsi ilə üzləşmişdi.
Ulu öndər Heydər Əliyev fenomeninin rəhbərliyi altında böyük məşəqqətlərdən qurtulan Azərbaycan özünün milli inkişaf yoluna qədəm qoydu. Bu gün isə müstəqil Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Bu ideyaları həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyması Heydər Əliyev yolunun nə qədər doğru-düzgün olduğunu əyani şəkildə göstərir.

 

Tam müstəqil siyasətin milli modeli

 

Müasir Azərbaycanın 1993-cü ildən başlanan yeni inkişaf tarixi respublikanın böyük iqtisadi, siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus milli inkişaf modelini formalaşdırması, dünya miqyasında layiqli yerini tutması, müstəqil siyasət yürütməsi ilə səciyyəvidir.
Bu tarixin cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 14 ilində isə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirərək sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına nail olub. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürüldü və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etdi.
Praqmatik liderlik keyfiyyətlərinə malik olan Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirdi. Respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirildi, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atıldı.
Bir sözlə, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb oldu.

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğur formulu

 

Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırdı, insan inkişafı indeksində yüksəlişini təmin etdi, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirdi. Bəs, bütün bunlar necə baş verdi?
Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmağı əsas hədəf kimi elan edən Prezident İlham Əliyev bunu sadəcə deklorativ bəyanatlarla ifadə etmədi. Onun icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atdı. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamından başlayaraq bu günə qədər sosial-iqtisadi sahədə imzalanması davam edən çoxsaylı hüquqi sənədlər yeni islahatlar kursunun bariz nümunələridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində paytaxtla ən ucqar əyalət mərkəzlərinin arasında fərq belə qalmadı. Yeni infrastruktur obyektləri açıldı, yollar, körpülər salındı, yeni-yeni məktəblər, ən son avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikildi, parklar, istirahət mərkəzləri, idman kompleksləri yaradıldı, tənəzzülə uğrayan kənd təssərrüfatı yenidən dirçəlməyə başladı. Regionlarda yaradılan yeni infrastrukturlar bir zamanlar qazanc dalınca şəhərlərə üz tutan kəndlini geri qaytardı.

 

Qlobal böhran və İlham Əliyevin sistemli antiböhran tədbirləri

 

Çox uzağa getmədən dövlət başçısının son 5 ildə həyata keçirdiyi yeni iqtisadi inkişaf konsepsiyasının uğurlu nəticələrinə nəzər yetirək.
2013-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhranın yeni dalğası əksər böyük dövlətlərin iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Xüsusən də neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, kəskin maliyyə çatışmazlığına, sosial və investisiya proqramlarının ixtisar olunmasına gətirib çıxardı.Təbii ki, bu böhran Azərbaycandan da yan keçmədi. Lakin Prezident İlham Əliyevin qabaqlayıcı və məqsədyönlü tədbirləri, yeni iqtisadi islahatları böhranın yaratdığı mənfi təsirlərdən ölkəmizin az itki ilə çıxmasına imkan yaratdı. Realist siyasətçi kimi yeni dövrün çağırışlarını düzgün dəyərləndirən, fəal antiböhran tədbirlərini reallaşdıran İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi və ardıcıllığı ilə diqqət çəkdi.Qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın bu iqtisadi böhranlardan uğurla çıxmasını şərtləndirən əsas səbəblər oldu. Neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə yanaşı, ölkənin çox yüksək yığım səviyyəsi, strateji valyuta ehtiyatları neftin qiymətindəki dəyişikliklərdən asılı olmayaraq inkişaf tempini saxlamağa imkan verdi. Ölkədə həyata keçirilən heç bir sosial layihə dayandırılmadı.
2015-ci ilin sentyabrında baş tutan referendum, yəni, İlham Əliyevin müəllifi olduğu Konstitusiya islahatları təşəbbüsü təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi. Konstitusiya islahatlarının nəticələri ölkədə köklü islahatlara, yeniliklərə təkan verdi, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi.

 

“Dərin islahatlar ili” və həyata keçirilən yeni iqtisadi strategiya

 

Qlobal məkanda mürəkkəb siyasi-iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi zamanda dövlət başçısı yeni çağırışlara uyğun islahatlara başladı və 2016-cı ili “dərin islahatlar ili” adlandırdı. Prezidentin qəbul etdiyi mühüm qərarlar, imzaladığı fərman və sərəncamlara əsasən yeni iqtisadi strategiya start götürdü. Elmi şəkildə həyata keçirilən iqtisadi islahatlara əsasən, mühüm qurumlar yaradıldı. Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Sabitliyi Şurası, Milli Əlaqələndirmə Şurası, Kredit büroları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuraları yaradıldı. Bu qurumların yaradılmasında məqsəd ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq idi.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva etdi. Fərman iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi.
Beləliklə, qlobal miqyasda tüğyan edən sosial-iqtisadi böhranın, maliyyə çətinliklərinin fəsadlarından qorunmaq üçün həyata keçirilən yeni iqtisadi kurs öz səmərəli nəticəsini verməyə başladı.

 

Qeyri-neft sənayesinin inkişafı iqtisadiyyata yeni nəfəs verdi

 

Ötən ilin əvvəllərindən iqtisadiyyatda başladılan yeni islahatlar əsasən qeyri-neft sektorunu əhatə etdi. Qeyri-neft sektorunun mühüm sahələri kimi kənd təsərrüfatının, sənayenin inkişafı ilə bağlı strateji hədəflərin müəyyənləşdirilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahələrin keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaratdı. Bütün bunlar isə sahibkarlara dövlət dəstəyinin genişləndirilməsi nəticəsində baş verdi.
2016-cı ildən başlayaraq sistemli şəkildə görülən tədbirlərin nəticəsində aqrar sektorda ciddi irəliləyişlərin şahidi olduq. 40-dan çox yeni aqrokomplekslərin yaradılması, yerli və xarici investorların aqrar sektora sərmayə yatırması üçün cəlbetmə işlərinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu, dövlət başçısının regionlarda keçirdiyi ümumrespublika müşavirələri, yeni istehsal olunan məhsulların xarici bazarlarda satışının təmin edilməsi, “Made in Azerbaijan” brendinin müxtəlif ticarət nümayəndəlikləri və subyektlərinin vasitəsilə dünyada tanıdılması və s. bu kimi tədbirlərin reallaşdırılması nəticəsində aqrar sektora yeni nəfəs gətirildi. Qısa zaman kəsiyində “Made in Azerbaijan” brendi dünyada böyük etimad qazanmağa başladı. Beynəlxalq bazarlarda ixrac məhsullarımızın çeşidləri getdikcə çoxaldı və Azərbaycanın iqtisadi ticarət tərəfdaşlarının sayı 180 ölkəyə çatdı.
Müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edildi və ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoydu. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Prezident
İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə texnoparklar, sənaye parkları və məhəllələrin yaradılması prosesi davam edir. Ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Sumqayıt Texnologiyalar Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılıb. Masallı və Hacıqabulda isə yeni sənaye məhəllələrinin tikintisi davam etdirilir.

 

Transmilli maraqların mərkəzində dayanan Azərbaycan

 

Azərbaycanda yaradılan sabitlik, əlverişli investisiya mühiti ölkəmizə investisiya axınını gücləndirib. Elə bunun nəticəsidir ki, iqtisadi və siyasi baxımdan sabit ölkə olan Azərbaycan son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edib.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan həm də Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilib. Dövlət başçısının Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verib. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat- logistika mərkəzidir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açıb.
Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti, Şərqlə Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan, bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib.

 

Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar Azərbaycandan keçir

 

Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilir.
Ölkəmiz həmçinin qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub qaz dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.
Əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Şura tərəfindən ölkəmizin ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görən Azərbaycan meqalayihələr həyata keçirir. Bu baxımdan Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi xüsusi önəm kəsb edir. Bu dəhliz məsafə baxımından Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından çox səmərəlidir. Belə ki, orta hesabla 5400 km uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Müqayisə üçün qeyd edək ki, ənənəvi okean daşımaları vasitəsilə Çindən Türkiyə istiqamətindəki yükdaşımalara 30-35 gün sərf olunur.
Oktyabrın 30-da rəsmi açılış mərasimi keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı kimi ölkəmiz üçün yeni tranzit imkanları yaradacaq.
Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Transxəzər beynəlxalq nəqliyyat marşrutu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi layihələrin fəal iştirakçısıdır. Ələt qəsəbəsində tikilməkdə olan liman regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Onu da vurğulayaq ki, son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib, 11 min kilometr müasir şose və yollar çəkilib. Xəzər dənizində Azərbaycanın 300-ə yaxın gəmidən ibarət ən iri ticarət donanması var.

 

“Yeni əsrin müqaviləsi” - uğurlu gələcəyin təminatı

 

Sentyabrin 14-də Bakıda daha bir mühüm tarixi hadisə baş verdi. “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri- Çıraq - Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı. Bu, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan saziş idi. Yeni sazişə əsasən ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd dollardan artıq sərmayə qoyulması potensialı var.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür.Yeni imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır.
Dövlət başçısı bu gün dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınan Azərbaycanın aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratdığını söyləyərək “Əsrin müqaviləsi”nin 23 il ərzində ölkəmizə çox böyük siyasi, iqtisadi dividendlər qazandırdığını vurğuladı: “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi”.

 

Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq hesabatlarda əksini tapır

 

Sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Prezident İlham Əliyev Azərbaycanın son 14 ildə qazandığı uğurlarını ali tribunadan dünya birliyinə çatdırdı. Azərbaycanın sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olduğunu söyləyən dövlət başçısı dedi ki, 2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkədə 1 milyon 600 mindən artıq iş yeri açılıb, yoxsulluq 40 faizdən 5 faizə enib. 2004-cü ildən etibarən ölkəmizdə əməkhaqları 5,6 dəfə, pensiyalar isə 8,2 dəfə artıb. Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilib, yaxud təmir edilib.
Bütün bunlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. 2009-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilib.Davosun Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı, 2 telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri - “Azerspace” və “Azersky” və bu yaxınlarda buraxılacaq “Azerspace-2” adlanan üçüncü peyk ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasını mümkün edib.
Bu günlərdə Dünya İqtisadi Forumunun açıqladığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda isə Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması qürur doğuran bir xəbər oldu. Bu, o deməkdir ki, Azərbaycan dünyanın ən mötəbər reytinqində Yer üzünün hər dörd ölkəsindən üçünü geridə qoyub. MDB məkanında isə liderliyini qoruyub saxlayır. İqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə, Azərbaycan hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələrdən də irəlidədir.
Əlbəttə ki, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi Prezident İlham Əliyevin apardığı kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

 

İlham Əliyevlə qüdrətli gələcəyə doğru addımlayan Azərbaycan

 

Dövlət başçısının söylədiyi kimi, Azərbaycan özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub.
Bütün bunlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib. Dövlət başçısı bu uğurların əsasının düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və xalqa xas olan vətənpərvərlik amillərinin təşkil etdiyini vurğulayıb. Oktyabrın 2-də 2018-ci il üçün yeni hədəfləri açıqlayan dövlət başçısı gələn ilin sürətli iqtisadi inkişaf ili olacağını bəyan edib.
Həqiqətən də son 14 ildə görülən işlər İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və ölkənin uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi. Çünki İlham Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycanın dünya siyasətinin mühüm halqasına, qlobal proseslərdə mühüm aktora çevrilməsi məhz İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyni hər şeydən uca tutan lider olması ilə şərtlənir. Əminliklə söyləyə bilərik ki, məhz İlham Əliyevin qətiyyətli qərarları ilə yaratdığı yeni tarixi reallıq Azərbaycanı indikindən də qüdrətli gələcəyə doğru aparır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”