Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevdən Ermənistana sərt xəbərdarlıq

12 Oktyabr 2017
 

Azərbaycan Prezidenti işğalçı ölkəyə heç bir güzəştin olmayacağını növbəti dəfə bəyan etdi

 

İllərdir həllini gözləyən Dağlıq Qarabağ münaqişəsinin çözüm prosesinin uzanmasının başlıca səbəbi işğalçı Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, mövcud status-kvonu qoruyub saxlamaq cəhdləridir.
Amma ötən illər ərzində bütün istiqamətlərdə mövqelərini gücləndirən və Ermənistanla müqayisədə böyük üstünlüklər əldə edən Azərbaycan vəziyyətin bu şəkildə davam etməsinə razı olmayacağını bildirərək, Yerevana və onun hamilərinə öz xəbərdarlığını edib. Əslində, bu xəbərdarlığın müəyyən nəticələr verdiyini də tam qətiyyətlə söyləmək olar.
Belə ki, Ermənistan status-kvonun saxlanılması üçün danışıqlar prosesini pozmağa çalışırdı. Amma danışıqlar prosesinə qayıtması üçün Ermənistana ciddi təzyiqlər edilməsi işğalçı ölkənin bu niyyətinin puç olması ilə nəticələndi. Şübhəsiz ki, bu prosesdə Azərbaycanın diplomatik gedişləri öz rolunu oynadı.
İndi real vəziyyət ondan ibarətdir ki, Ermənistanın danışıqlar prosesinə qatılmaqdan başqa çıxış yolu yoxdur. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir. Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir”.
Səslənən bu fikirlərdən bir daha bəlli olur ki, Ermənistanın danışıqları pozmaq niyyəti iflasa uğrayıb. Azərbaycan konkret mövqe meydana qoyaraq beynəlxalq ictimaiyyətin münaqişənin sülh yolu ilə həllində məsuliyyət daşıdığını açıq bəyan edir. Dövlət başçısının səsləndirdiyi fikirlər həm də Ermənistan hakimiyyətinə və onun beynəlxalq havadarlarının Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı çox sərt reaksiyasıdır.
Eyni zamanda, Ermənistana ciddi mesajdır ki, Azərbaycan torpaqlarına heç vaxt iddia etməsin və Azərbaycan torpaqlarında ikinci bir erməni dövləti yaratmalarını ağıllarından belə keçirməsinlər. Özü də bu fikirlər Azərbaycan-Ermənistan prezidentlərinin görüşü ərəfəsi səslənir. Bununla, Ermənistan tərəfi xəbərdar edildi ki, Azərbaycan ancaq işğalçı qoşunların zəbt etdikləri torpaqlardan çıxarılması məsələsini müzakirə edə bilər. Digər variantlar isə nəzərdən keçirilmir və nəzərdən keçirilməsi də planlaşdırılmır.
Prezident İlham Əliyev iclasda Ermənistanın növbəti dəfə özünü biabır etdiyini, danışıqlar prosesinin bərpa edilməyəcəyi təqdirdə, onları çox acı nəticələrin gözlədiyini diqqətə çatdırıb: “Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində, açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə, onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim edib”.
Azərbaycanın yüksək səviyyəli görüş öncəsi belə qətiyyətli və sərt mövqe nümayiş etdirməsi həm də onun beynəlxalq nüfuzu və imicinin artması, özünə olan yüksək inam hissi ilə izah edilə bilər. Ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın özünü ciddi və güclü bir dövlət kimi tanıtması ilə bağlıdır. Azərbaycan iqtisadi cəhətdən qüdrətlidir, regionda lider ölkədir və böyük beynəlxalq siyasi nüfuzu var. Bunların heç biri Ermənistana aid deyil. Buna görə də Ermənistan özünün sonrakı addımlarını düşünməli, əks halda, hansı ağır nəticələrlə üzləşəcəyinə dair belə demək olarsa, öz-özünə hesabat verməlidir.
Qarşı tərəf yenə danışıqlarda imitasiya ilə məşğul olarsa, Azərbaycan işğaldan ərazilərini güc yolu ilə azad edəcəyini açıq şəkildə bildirib. Ümumiyyətlə, yeni müharibənin başlanmaması Ermənistanın bundan sonra danışıqlar prosesində nə dərəcədə konstruktiv mövqe nümayiş etdirməsindən birbaşa asılı olacaq.
Dünya dövlətləri də aydın görür ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında əsas səbəb Ermənistanda mövcud hakimiyyətin məsələnin sülh yolu ilə çözümündə maraqlı olmamasıdır. Elə buna görədir ki, münaqişənin həllinin uzanmasına görə də məsuliyyət daşıyan yeganə tərəf məhz Ermənistandır. Dünya ictimaiyyəti, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də yaxşı bilirlər ki, elə Ermənistan hakimiyyətinin indiki mövqeyi səbəbindən məsələnin hərb müstəvisində çözülmə ehtimalı artır.
İndi Ermənistan ya bütün bunlardan nəticə çıxarıb məsələnin sülh yolu ilə həllinə razılıq verməli, ya da yeni genişmiqyaslı toqquşmalara hazır olmalıdır. Amma bir məsələ dəqiqdir ki, yeni hərbi toqquşmalar heç də Ermənistanın xeyrinə olmayaraq, onun tənəzzülünü daha da sürətləndirəcək.

Elçin CƏFƏROV,
“Azərbaycan”