Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nəsimi rayonunun iqtisadi və sosial həyatında ötən doqquz ayda böyük uğurlar qazanılıb

12 Oktyabr 2017
 

Dünən Nəsimi rayonunda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan tədbir keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ötən müddətdə Nəsimi rayonunun iqtisadi və sosial həyatında da yüksək uğurlar əldə olunub. Rayon ərazisində keçirilən bir sıra tədbirlərdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak etmişlər.

Sentyabr ayının 11-də ölkə rəhbəri Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş dövlət proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bağça ilə tanış olan xanım Mehriban Əliyeva tövsiyələr verərək müəssisənin işinə uğurlar arzulayıb.

A.Əsgərov bildirdi ki, rayonun makroiqtisadi göstəriciləri, xüsusilə informasiya və rabitə, xidmət sahələri üzrə doqquz ay ərzində bir sıra nailiyyətlər qazanılmışdır. Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Sonda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.

 

E.HACALIYEV,

“Azərbaycan”