Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Unudulmaz məzun - Aida İmanquliyeva

12 Oktyabr 2017
 

Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Əvvəlcə qonaqlar təhsil kompleksinin tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr olunmuş guşəyə baxıb, fotoşəkillər və sənədlərlə tanış olublar.

Tədbirdə 132-134 nömrəli təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, görkəmli şərqşünas alim və pedaqoq, professor Aida xanım İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb. Bildirib ki, məktəbdə həyata keçirilən “Unudulmaz məzunlar” layihəsi çərçivəsində ilk tədbir məhz doğum gününü qeyd etdiymiz Aida xanım İmanquliyevaya həsr olunub. Professor Aida İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu söyləyən Sara Xanlarova alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını vurğulayıb.   

Təhsil kompleksinin şagirdləri, gənc və tanınmış aktyorlar tərəfindən Aida xanım İmanquliyevanın məktəb və gənclik illərinə həsr olunmuş şəhnəciklər göstərilib, şagirdlərin ifasında ərəb və digər xarici dillərdə şeirlər və həmin illərin mahnıları səslənib. Alimin məktəb, tələbəlik, gənclik, elmi-pedaqoji fəaliyyətini əks etdirən videoçarxlar və görkəmli alimin  həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Bildirilib ki, 1957-ci ildə 132 nömrəli orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (BDU) fərqlənmə diplomu ilə bitirən Aida İmanquliyeva universitetin aspirantı olub, təhsilini keçmiş SSRİ Elmlər Akademiyasında davam etdirib, namizədlik və doktorluq dissertasiyası müdafiə edib. Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım həm də bacarıqlı elm təşkilatçısı olub. Ərəb dilindən rus və Azərbaycan dillərinə tərcümələr edib, çoxsaylı elmi məqalələrin müəllifi kimi yaddaşlara həkk olunub. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konfranslarda, simpoziumlarda, sessiyalarda məruzələrlə çıxış edib.

Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, A.İmanquliyevanın tələbəsi olmuş Gülnarə Məmmədova Aida xanım barədə xatirələrini danışdılar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan danışıb, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edib. Azərbaycan qadınına xas olan ən gözəl, ən nəcib xüsusiyyətləri özündə cəmləşdirən Aida xanım İmanquliyeva vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş edib.

Daha sonra çıxış edənlər Aida xanım barədə xatirələrini danışıblar. Yekunda  qonaqlara təhsil kompleksi tərəfindən çap olunmuş Aida xanım İmanquliyevanın məktəb illəri, geniş və səmərəli elmi, pedaqoji fəaliyyəti, nəsillərə nümunə olan gözəl ailə mühiti və s. barədə məlumatlar, xatirələr toplanmış “Unudulmaz məzun-Aida İmanquliyeva” kitabı təqdim edilib.

Alimin əziz xatirəsi daim könüllərdə yaşayacaq.

 

E.CƏFƏROV,

“Azərbaycan”