Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın xarici ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələrinin payına düşür

11 Oktyabr 2017
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac edilib, 173 ölkədən isə məhsul idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15021,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9720,4 milyon dollar, idxalın dəyəri 5300,8 milyon dollar təşkil edib, nəticədə 4419,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,0 faiz artıb, real ifadədə isə 13,3 faiz, o cümlədən ixrac 8,9 faiz, idxal 20,0 faiz azalıb.

Ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 51,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 21,4 faizi İtaliyaya, 14,2 faizi Türkiyəyə, 6,0 faizi Çinə, 5,1 faizi Rusiyaya, 4,7 faizi Gürcüstana, 4,4 faizi Çexiyaya, 4,2 faizi İsrailə, 3,8 faizi Hindistana, hər biri 3,7 faiz olmaqla Tayvan (Çinin əyaləti), Almaniya və Portuqaliyaya, 3,4 faizi Kanadaya, qalan 21,7 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 17,2 faizi Rusiyanın, 15,3 faizi Türkiyənin, 10,0 faizi Çinin, 7,8 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 4,4 faizi Ukraynanın, 3,9 faizi İtaliyanın, hər biri 3,0 faiz olmaqla İran və Birləşmiş Krallığın, 2,8 faizi Braziliyanın, 2,2 faizi Norveçin, 1,7 faizi Fransanın, 24,0 faizi isə digər ölkələrin payına düşüb.