Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraq ordusu Hüveycəni İŞİD-dən təmizlədi

11 Oktyabr 2017
İraq ordusunun bölmələri ölkənin şimal-şərqində yerləşən Hüveycə şəhərini İŞİD terrorçu qruplaşmasından tamamilə təmizləmişdir. Bu barədə İraq hərbi komandanlığının rəsmi nümayəndəsi məlumat vermişdir.

Məlumatda deyilir ki, ordunun avanqard hissələri könüllü dəstələrlə birlikdə Hüveycənin terrorçulardan azad edilməsi əməliyyatının ikinci mərhələsini başa çatdırmış və şəhər üzərində tam nəzarəti bərpa etmək vəzifəsini yerinə yetirmişdir. Hərbi komandanlığın nümayəndəsi əlavə etmişdir ki, İŞİD silahlılarının şəhərin cənub rayonlarındakı son mövqeləri ələ keçirilmişdir. Əməliyyatın gedişində 161 kənd azad edilmiş, Hüveycə ilə Kərkükü birləşdirən magistral yol nəzarət altına alınmışdır.

Xatırladaq ki, İraqın Baş naziri Heydər İbadi ötən ayın 21-də Hüveycə rayonunda İŞİD-in mövqelərinə genişmiqyaslı hücumun başladığını elan etmişdi. İŞİD Kərkükdən 55 kilometr aralıda yerləşən Hüveycəni 2014-cü ildə zəbt etmişdi. Əməliyyat başlayanadək şəhəri və bitişik rayonları 1-2 min ekstremist əldə saxlayırdı.