Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

11 Oktyabr 2017
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.1-ci bəndini nəzərə alaraq, “İctimai iştirakçılıq haqqında” Qanuna, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 207 nömrəli, 05.10.2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb.

Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi, İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün oktyabrın 12-dən noyabrın 10-na qədər qeydiyyat aparılacaq.

Müraciətə namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin tərcümeyi-halı, namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti əlavə edilməlidir. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

Seçki ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet poçt ünvanına ([email protected]) və ya Komitəyə müraciət edilə bilər.