Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

SOCAR-ın “Abşeronneft” neft və qazçıxarma idarəsinə məxsus yeni yığım nəqli sahəsi istismara verilib

11 Oktyabr 2017
Oktyabrın 11-də SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinə (NQÇİ) məxsus yeni yığım nəqli sahəsi istismara verilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində “Abşeronneft” neft və qazçıxarma idarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

SOCAR-ın prezidenti yeni yığım sahəsinin istismara verilməsi münasibətilə NQÇİ-nin kollektivini təbrik edib, inzibati binaya baxış keçirib, sonra isə binanın qarşısında ağac əkib. Daha sonra R.Abdullayev və onu müşayiət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirib, onun iş rejimi və ərazisi ilə tanış olublar.

Bildirilib ki, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən 2013-cü ildən etibarən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. Yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çən, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0,4 kilovoltluq elektrik yarımstansiyası fəaliyyətə başlayıb.

Qeyd olunub ki, çənlərdən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Neft üçün nasosxanada 6 ədəd, lay suları üçün nasosxanada isə 4 ədəd nasos quraşdırılıb.

Məlumat verilib ki, yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılıb. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları yüksək tələblər səviyyəsinə çatdırılıb, əməkçilərin sosial məişətinin yaxşılaşdırılması məqsədilə optimal iş şəraiti yaradılıb. Yığım nəqli sahəsi və onun ətrafında yaşıllıq zonası salınıb, 6 mindən artıq gül-çiçək və ağac əkilib.

Görülmüş işlərdən razılığını bildirən R.Abdullayev yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib, qarşıda duran vəzifələrdən danışıb, konkret tapşırıqlar verib.