Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

11 Oktyabr 2017
Azərbaycan Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində kibercinayətlərin formaları, bu növ cinayətlərin ibtidai istintaqı və cinayət təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən çirkli pulların yuyulması və digər cinayətlər, elektron sübutların əldə edilməsi, ekspertizası və onların məhkəmə təcrübəsində istifadəsi, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzuları geniş müzakirə edilib, praktik məsələlərlə bağlı iştirakçıların sualları ətraflı cavablandırılıb.

Konfrans zamanı Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar, müsbət iş təcrübəsi, o cümlədən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı keçirilmiş təqdimatlar iştirakçıların marağına səbəb olub.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində və 5 saylı “ASAN xidmət” mərkəzində olub, ölkəmizin tarixi, mədəniyyəti ilə və xidmət tərəfindən həyata keçirilən tədbirlərlə yaxından tanış olublar.

Sonda konfransın yekunlarını özündə əks etdirən və kibercinayətkarlığa, çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə və maliyyə nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və əməkdaşlığa dair qərarlar qəbul edilib, iştirakçılara sertifikatlar təqdim olunub.

Konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.