Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kür çayının deltasında toplanmış milyon tonlarla lildən üzvi gübrə kimi istifadə olunması mümkündür

11 Oktyabr 2017
Neftçala rayonu ərazisində olan Kür çayının deltasında toplanmış milyon tonlarla lilin zəngin mineraloji tərkibi var. Üzvi gübrələrin, bakteriyaların və Kür lilinin qarışığından alınan zəngin qida maddələri rayonların qüvvədən düşmüş torpaqlarının münbitliyinin artırılmasında geniş istifadə oluna bilər. Bu üzvi gübrələrin hazırlanması üçün rayon rəhbərliyinin təşəbbüsü ilə xeyli iş görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, institutun üzvi gübrə laboratoriyasının müdiri Paşa Zamanovun rəhbərliyi altında yerli üzvi tullantılardan “Qala” kompostu hazırlanıb. Abşeronun ağır-gilli şorlaşmış torpaqlarının münbitliyinin bərpasında istifadə oluna biləcək kompostun duzadavamlı bitkilər altında tətbiqinin səmərəliliyi öyrənilib.

Ə.Quliyev bildirib ki, vəsait olarsa, qısa müddətdə milyon tonlarla üzvi gübrənin istehsal edilib sahələrə verilməsi və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması mümkündür. “Xaricdən valyuta ilə aldığımız kimyəvi mineral gübrələrin torpaqlara geniş həcmdə verilməsi torpaqların münbitliyini aşağı salmaqla yanaşı, orada olan canlı orqanizmləri məhv edir, torpaqların strukturunu pozur və min illərlə təmizlənə bilməyən qrunt sularını zəhərləyir. Bunu nəzərə alaraq Neftçala rayonunda üzvi gübrələr istehsal edən zavodun inşası artıq zamanın tələbidir”, - deyə institutun direktoru əlavə edib.